İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

30 noyabr 2012, 16:35
İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Jorj Tito de Vaskonselos Kabral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Jorj Tito de Vaskonselos Kabral bu ilin iyununda ölkəsinin xarici işlər naziri ilə respublikamıza səfər etdiyini və bu səfərdən sonra Portuqaliya şirkətlərinin Azərbaycana marağının daha da artdığını qeyd etdi. Azərbaycan ilə Portuqaliyanın dost dövlətlər olduğunu vurğulayan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq aparılmasının önəmini vurğuladı. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən diplomat bu əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi və digər sahələrdə əməkdaşlığımızı sürətləndirmək üçün böyük potensialın olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini məmnunluqla qeyd etdi.

gallery-photogallery-photo