29 yanvar 2013, 13:45

Sultan Əzimzadədən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə, 20 Yanvar hadisələrinin əsl mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə araşdırılmış, hadisəyə hüquqi-siyasi qiymət verilmiş, cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.

Müasir Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyev cənabları 20 Yanvar şəhidlərinin uyuduğu xiyabanı Azərbaycan xalqının şərəf lövhəsi kimi dünya dövlətlərinə təqdim etmişdir. Ümummilli liderimiz tərəfindən şəhid ailələri və əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir sıra fərmanlar imzalanmış, 20 yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, onlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Bu diqqət və qayğı Sizin tərəfinizdən davam etdirilmiş, 29 yanvar 2007-ci il tarixli fərmanınızla 20 Yanvar şəhidlərinin ailələrinə prezident təqaüdü verilmişdir. Eyni zamanda, 20 yanvar əlillərinin Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onlara prezident təqaüdü verilməsi haqqında fərman imzalamısınız.

Şəhidlər ziyabanının yenidən qurulması və abadlaşdırılması ilə bağlı verdiyiniz xüsusi göstərişlər zamanı “20 yanvar” cəmiyyəti üçün yeni mənzil-qərargahın tikilməsi də tərəfinizdən nəzərə alınmış və yeni bina yüksək səviyyədə inşa edilərək 18 yanvar 2013-cü il tarixində, 20 yanvar hadisələrinin 23-cü ildönümü ərəfəsində istifadəyə verilmişdir.
Möhtərəm Prezident, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq yürütdüyünüz daxili və xarici siyasəti 20 yanvar şəhid ailələri və əlilləri yekdilliklə dəstəkləyirlər. Bizə göstərdiyiniz diqqət və qayğıya, verdiyiniz yüksək qiymətə görə, Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Sultan Əzimzadə,
“20 Yanvar” cəmiyyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.