İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

28 mart 2013, 13:20
İlham Əliyev  Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayevin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Amangeldi Jumabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Amangeldi Jumabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan qazaxıstanlı diplomat əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini dedi.

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxın qonşu, dost və tərəfdaş olduğunu dedi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Son illər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın da Qazaxıstan ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verdiyini dedi.

Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photo