İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur

10 sentyabr 2013, 18:35
İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, kilsədə bərpa işlərinə 2012-ci ilin mayında başlanılmış, bu ilin iyulunda sona çatdırılmışdır. 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salınmışdır. Parkda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmış, uşaq attraksionları quraşdırılmışdır. Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da vardır. Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilmişdir. Kilsənin ərazisi 10 hektardır.

Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir əyani nümunəsidir. Şəmkirdə əsaslı bərpa olunan Alman Lüteran kilsəsi bu amala xidmət edir.

Kilsə ilə tanış olan Prezident İlham Əliyev burada quraşdırılan orqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinlədi.

Dövlətimizin başçısı kilsədə yaradılmış şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photo