Ukrayna Prezidenti Viktor Yanukoviçin adından İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir

28 oktyabr 2010, 22:03
Ukrayna Prezidenti Viktor Yanukoviçin adından İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir

Kiyevdə Ukrayna Prezidenti Viktor Yanukoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları naharda çıxış etdilər.

Prezident İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətini Ukraynada bir daha salamlayan Prezident Viktor Yanukoviç bildirdi ki, ölkələrimiz arasında daim inkişaf edən münasibətlərin bugünkü səviyyəsi nikbinlik doğurur. Bu məhsuldar əməkdaşlığın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Viktor Yanukoviç vurğuladı ki, Ukrayna xalqı dahi insanın xatirəsini qəlbində yaşadacaq və Ukrayna iqtisadiyyatı üçün ağır günlərdə göstərdiyi dəstəyi həmişə xatırlayacaqdır. Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirdiyini qeyd edən Ukrayna dövlətinin başçısı bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə atılan hər bir addım bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Viktor Yanukoviçə gözəl Ukrayna torpağında göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıq edən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasında münasibətlərin tarixində inteqrasiya və əməkdaşlığın inkişafı üçün atılan ən vacib addımlardan biri kimi qalacaqdır.

Münasibətlərimiz genişləndikcə müzakirə olunan məsələlərin əhatə dairəsi daha da zənginləşəcək və əlaqələrin inkişafı üçün yeni sahələr əlavə olunacaqdır. Bunun üçün dövlət başçılarının siyasi iradəsi vardır. Biz biri-birimizə etimad göstəririk və bu, istənilən ölkələrin münasibətləri üçün çox vacibdir.

Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçə və Kiyev şəhərinin rəhbərliyinə Ukrayna paytaxtında parkların birinə ulu öndər Heydər Əliyevin adının verilməsi barədə qərara görə minnətdarlıq etdi. Dövlətimizin başçısı səfər çərçivəsində aparılan müzakirələrdən məmnun qaldığını bildirdi.

gallery-photogallery-photo