İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir

25 fevral 2014, 14:00
İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz sürətlə tərəqqi edir. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Buna imkan yaradan əsas amillərdən biri özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Təsadüfi deyildir ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bütün bunlar dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açmışdır.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. “Azərsun Sənaye Parkı”nın nəzdində Sumqayıt yağ fabrikinin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Fabrikin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” MMC-nin müəssisələrində olduqları zaman çəkilmiş fotoları nümayiş etdirilir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Prezident İlham Əliyevə fabrikin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi.

Müasir texnologiyalarla təchiz edilən fabrik dövlətin ayırdığı güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə müxtəlif istehsal xətləri quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir.

Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meхanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur. Fabrikdə 250 yeni iş yeri yaradılmışdır. Gələcəkdə iş yerlərinin sayının 700-ə çatdırılması nəzərdə tutulur.

Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra kollektivlə görüşən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Bu gün Sumqayıtda əlamətdar bir gündür. Sumqayıt şəhərində üç zavodun açılışı baş verir. Onlardan ikisi bu ərazidədir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu zavodların fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. Sənayenin inkişafı bizim üçün prioritetdir və təsadüfi deyil ki, bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir.

- Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir.

Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən son texnologiyalar tətbiq edilir, iş şəraiti çox yaxşıdır. Burada istehsal olunan məhsullar rəqabətqabiliyyətli məhsullardır. Bu da əsas məsələdir. Biz çalışmalıyıq ki, Azərbaycanda yaranmaqda olan, yaxud da ki, yaradılacaq bütün zavodların məhsulları rəqabətqabiliyyətli olsun, dünyanın istənilən ölkəsinə ixrac edilə bilsin və beləliklə, biz xarici bazarlara keyfiyyətli hazır məhsullarla daha da böyük həcmdə çıxa bilək.

Bu gün iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Beynəlxalq qurumlar da bunu qeyd edir. Belə zavodların fəaliyyətə başlaması bizim potensialımızı daha da artıracaqdır. Bu zavodlarda yüzlərlə iş yerləri açılır, yüksək maaş verilir. Gələcəkdə sənayenin inkişafı daha da sürətlə gedəcəkdir.

Bildiyiniz kimi, Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Əslində Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır. O zavodların fəaliyyəti genişlənəcəkdir. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır.

Demək olar ki, işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət göstərilir. İnfrastruktur layihələri icra edilir, şəhər abadlaşır, yeni xiyabanlar salınır, binalar bərpa edilir. Sumqayıt parklar şəhərinə çevrilir. Əlbəttə ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə də birbaşa bağlı olmalıdır.

Ətraf mühitin qorunmasına böyük diqqət göstərilir. Bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələri ən yüksək ekoloji standartlara cavab verməlidir. Qarşıya bu məqsəd qoyulub, nəinki Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlarda ekoloji standartlar ən yüksək səviyyədə olmalıdır. Çünki vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı problemlər olmuşdur. Bu problemlər demək olar ki, aradan qaldırılıbdır. Bir sözlə, bu gün “Sənaye ili”ndə əlamətdar bir gündür. Bu zavodların fəaliyyətinə dəstək olan bütün vətəndaşlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada əlbəttə ki, investorlar əsas rol oynamışlar, böyük investisiyalar qoyulmuşdur. Hər iki zavoda 90 milyon manat investisiya qoyulmuşdur. Bu, investorların Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın uğurlu gələcəyinə onların inamının təzahürüdür. Çünki ölkəmiz sürətlə inkişaf edir, bütün məsələlər uğurla həll edilir. Biz çalışmalıyıq ki, daxili və xarici investorları Azərbaycana daha da çox cəlb edək. Burada biznes mühiti də yaxşıdır. Gəlirli sahələr yaradılır. Yəni, həm sahibkarlar, həm burada işləyənlər, həm də dövlət bundan fayda götürür və götürməlidir. Bax, bu müştərək fayda əsasında Azərbaycan iqtisadiyyatı inkişaf edir.

Bu gün özəl sektor iqtisadiyyatımızın əsas hissəsini təşkil edir. Biznes üçün gözəl şərait yaradılıbdır. İş adamları ilə mənim mütəmadi görüşlərimdə daim onlara öz dəstəyimi göstərirəm. Dövlət öz xətti ilə maliyyə resurslarını da cəlb edir, hər iki zavodda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti də nəzərdə tutulmuşdur. Yəni burada dövlət və özəl sektor bir məqsədi güdür ki, ölkə inkişaf etsin, sənaye potensialı möhkəmlənsin, güclənsin, insanlar işlə təmin olunsunlar. Bax biz bundan sonra da bu yolla gedəcəyik. Bu zavodların uğurlu fəaliyyəti ölkəmizin ümumi inkişaf strategiyasını əks etdirir.

Kağız və karton istehsalat kombinatının fəaliyyəti sayəsində nəinki Sumqayıtda, bütün respublikamızda məntəqələr açılacaq, orada da iş yerləri yaradılacaqdır. O köhnə kağızları yığmaq üçün məntəqələr yaranacaq və biz, eyni zamanda, ekoloji problemlərin həllinə də töhfəmizi vermiş oluruq. Çünki hazırda köhnə kağızlar, qəzetlər, sıradan çıxmış digər əşyalar yandırılır və havanı çirkləndirir. İndi bütün kağız tullantıları burada yığılacaq və beləliklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına da biz dəstək olacağıq. Bu iki müəssisənin xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti nəticəsində biz karton, kağız və bitki yağları sahəsində özümüzü 100 faiz təmin edəcəyik. Yəni, qarşıya bu hədəf də qoyulmuşdur. Mən dəfələrlə demişəm ki, Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir. İxrac potensialı da yaradılır. Həm bitki yağları, həm kağız-karton məhsulları xaricə ixrac ediləcəkdir.

Bir sözlə, müəssisələrin fəaliyyətə başlaması əlamətdar hadisədir, məni çox sevindirir. Ona görə ki, burada iş yerləri, müasir sənaye sahələri yaradılır. Ona görə ki, Azərbaycanın dövlət siyasətinin nə qədər düzgün olmasını bax bu müəssisələrin fəaliyyətə başlaması bir daha təsdiqləyir. Sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

X X X

Müəssisənin əməkdaşı Şərbət MİRZƏYEV dedi:

- Möhtərəm cənab Prezidentimiz, icazə verin, müəssisəmizin işçiləri adından Sizi salamlayım. Yaxşı xatirimdədir, 1997-ci ildə şirkətimizin ilk müəssisəsi açılan zaman mənə Ulu Öndərimizlə görüşmək nəsib olmuşdur. Bu gün özümü çox xoşbəxt hiss edirəm ki, Sizinlə də görüşürəm. Biz Sizin çıxışlarınızı mütəmadi izləyirik. Bilirik ki, 2014-cü ili “Sənaye ili” elan etmisiniz. İlin əvvəlindən keçən qısa müddət ərzində bir neçə müəssisəni açmısınız. Bu gün Azərbaycan sənayesi üçün modern texnologiyalara malik, tam avtomatlaşdırılmış sistemlə işləyən zavodun açılmasının xeyir-duasını verirsiniz. Bizim müəssisəmizdə gözəl iş yerləri, gözəl iş şəraiti yaradılmışdır. Müəssisəmizin işçiləri adından bir daha Sizə yaradılmış bu şəraitə görə dərin minnətdarlığımızı bildiririk, cənab Prezidentimiz. Çox sağ olun.

Müəssisənin digər əməkdaşı Fəxrəddin KƏRİMBƏYLİ burada yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Cənab Prezident, mən kağız və karton istehsalı kombinatında gənc mütəxəssis olaraq çalışıram. Azərbaycan Texniki Universitetini bitirmişəm. Müəssisənin bünövrəsi qoyulandan burada çalışıram. Müəssisəmizdə çalışanların 80 faizini sumqayıtlı gənclər təşkil edir. Müəssisədə bizlər üçün yüksək iş şəraiti yaradılmışdır, yüksək əməkhaqqı ilə təmin edilmişik. Bütün bunlar Sizin biz gənclərə göstərdiyiniz qayğı və diqqətin nəticəsidir. Buna görə biz gənclər Sizə minnətdarlığımızı bildiririk.

Müəssisəmiz ekologiyaya da müsbət təsir edir. Belə ki, xammal olaraq tullantı kağızlardan istifadə etdiyimiz üçün il ərzində 850 min şam ağacının kəsilməsinin qarşısı alınacaqdır. Bütün bunlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.
Möhtərəm cənab Prezident, bizə töhfə etdiyiniz müəssisələrə, iş yerlərinə görə, biz cavanlar Sizə təşəkkürümüzü bildiririk.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35