Əhməd Zeynalovdan, Hacıqabul, Azərbaycan
01 aprel 2014, 10:55
Hörmətli cənab Prezident!
Ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində ulu öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı kimi Azərbaycanın tərəqqisi yolunda misilsiz fəaliyyətiniz Sizə dəstək olan milyonlarla vətəndaşımızı ürəkdən sevindirir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda səsləndirdiyiniz fikirlər, iqtisadi inkişaf məsələlərinə həsr olunmuş yığıncaqlarda irəli sürdüyünüz təklif və ideyalar, cəmiyyətimizin demokratikləşməsi üçün həyata keçirdiyiniz məqsədyönlü islahatlar, xalqın həyat səviyyəsinin gündən-günə yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər Azərbaycanı sürətlə inkişaf edən ölkəyə çevirmişdir. Görülən tədbirlər zamanı heç bir yaşayış məntəqəsinin, hətta ən ucqar kəndlərin problemləri nəzərinizdən yayınmır. Belə yaşayış məntəqələrindən biri də Hacıqabul rayonunun ucqar ərazisində yerləşən Udulu kəndidir. Rayon mərkəzindən bizim yaşadığımız kəndə gedən yolda sıldırım qayalıqlar olduğuna görə gediş-gəliş zamanı həmişə böyük çətinliklərlə üzləşmişik. Həll edilməsi çox çətin olan bu problemimiz məhz Sizin diqqət və qayğınız sayəsində aradan qaldırıldı. Kəndimizə 37 km uzunluğunda müasir standartlara cavab verən rahat asfalt yol çəkilmiş və həmin ərazidə yerləşən kəndlərin 600 min nəfər sakininin gediş-gəlişi xeyli asanlaşmışdır. Bu, bizim üçün tarixi hadisədir.
Hörmətli cənab Prezident! Bizim üçün belə gözəl şəraitin yaradılması Sizin gərgin əməyinizin nəticəsidir və bütün bunlara görə Sizə minnətdarıq. Allah Sizi və ailənizi qorusun!
Dərin hörmətlə,
Zeynalov Əhməd Mirzəmməd oğlu.
Azərbaycan Respublikası, Hacıqabul rayonu, Udulu kəndi.