Samir Cəfərovdan, Neftçala, Azərbaycan
11 noyabr 2014, 17:40
Hörmətli cənab Prezident!
Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində son illər ölkəmizdə irimiqyaslı abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən əhəmiyyətli layihələr həyata keçirilir. Rayon mərkəzi, qəsəbə və kəndlərin inkişafına dair dövlət proqramları uğurla icra olunur. Zəngin tarixi keçmişə malik qədim Salyanda aparılan quruculuq işləri bu mənada xüsusilə seçilir. Sizin imzaladığınız Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında Sərəncama uyğun olaraq təşkil edilən tədbirlər çərçivəsində bu qədim diyara təşrif buyuranlar rayonun hərtərəfli inkişafının şahidi oldular. Müasir memarlıq üslubunda salınan parklar, yaşıllıq zolaqları, Avropa üslubunda inşa edilmiş binalar, səliqəli yollar qədim bölgələrimizdən olan Salyana xüsusi gözəllik verir. Salyana, o cümlədən digər regionlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildirir, ali dövləti vəzifənizdə yeni zəfərlər arzulayırıq.
Hörmətlə,
Cəfərov Samir Namid oğlu.
Azərbaycan Respublikası, Neftçala rayonu.