Əminə Yusifqızından, Yevlax, Azərbaycan
28 aprel 2015, 19:15
Möhtərəm cənab Prezident!
Biz bir qrup jurnalist bu günlərdə Türkiyədə möhtəşəm şəkildə qeyd edilən Çanaqqala zəfərinin 100 illiyi tədbirlərində iştirak etmək üçün Türkiyə Cümhuriyyəti Baş Bakanlığı və Türkiyə Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) xətti ilə qardaş ölkədə olduq. Bu səfər bir çox nüansları ilə yaddaqalan və unudulmaz oldu. Amma Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə səkkiz nəfər azərbaycanlı jurnalistin görüşü xüsusilə əlamətdar oldu. Cənab Ərdoğanın əlimizdəki Azərbaycan bayrağını görüb avtobusdan enməsi, bizə vaxt ayırması, Azərbaycan və onun lideri haqqında söylədiyi dəyərli fikirlər Sizə - müstəqil Azərbaycanımızın Prezidentinə, ölkəmizin bayrağına olan hörmət və diqqətin təcəssümü idi. Biz də öz növbəmizdə həm Türkiyə Prezidentinə, həm də Sizə olan sonsuz məhəbbətimizdən, Azərbaycan adlı ölkəni söz sahibi etməyinizdən qürur hissi ilə söhbət açdıq. Bir azərbaycanlı olaraq Eceabatdakı görüşümüzü hələ uzun müddət iftixar hissi ilə xatırlayacağam.
Bu görüş onun sübutudur ki, rəhbərliyiniz altında qardaş Türkiyə ilə münasibətlərimiz daha da inkişaf edir. Ulu öndər Heydər Əliyev Türkiyə və Azərbaycanı haqlı olaraq bir millət, iki dövlət adlandırmışdı.
Hörmətli cənab Prezident, sayənizdə yaşadığımız bu duyğu dolu anlar üçün Sizə ürəkdən təşəkkür edir, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmət və sevgi hissi ilə,
Əminə Yusifqızı,
Yevlaxda çıxan “Kür” qəzetinin
baş redaktoru, əməkdar jurnalist.
Azərbaycan Respublikası, Yevlax rayonu.