R.Həsənovdan, Bakı, Azərbaycan
01 fevral 2016, 16:25
Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün sahələrində sürətli inkişaf, sabitlik və insanların rifahının gündən-günə yaxşılaşması Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Bu inkişaf strategiyasının əsası müasir müstəqil Azərbaycanın banisi və memarı olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Ulu öndərimiz Heydər Əliyevin milli dövlətçilik ideyalarının Sizin rəhbərliyiniz və prinsipial mövqeyinizlə uğurla həyata keçirilməsi, genişmiqyaslı quruculuq işləri, uğurlu siyasət respublikamızı regionun lider dövlətinə çevirib, Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olub.
Hörmətli cənab Prezident, Sizin sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilməsi haqqında Fərmanınız sahibkarlara olan böyük dəstəyinizin, diqqət və qayğınızın nəticəsidir.
Sizin səhiyyə sahəsinə olan qayğıkeş münasibətiniz nəticəsində “Grand Hospital”ın fəaliyyət sahəsi genişlənib və klinika xalqa yeni ixtisaslar üzrə tibbi xidmət göstərməyə başlayıb. Göstərdiyiniz diqqət və qayğı bizi daha da həvəsləndirir, daha çox çalışmağa, xalqımıza göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, tibb sahəsində yeni-yeni nailiyyətlər əldə etməyə sövq edir. Eyni zamanda, xaricdə təhsil almış yerli həkimlərimiz tərəfindən uğurlu əməliyyatların həyata keçirilməsinə və göstərilən tibbi xidmətlər nəticəsində vətəndaşlarımızı öz sağlamlıqlarına qovuşduracağımıza, bir sözlə, “Grand Hospital”a bəslənən ümidləri doğruldacağımıza söz veririk.
Möhtərm Prezident, şəxsən öz adımdan və “Grand Hospital”ın tibbi heyəti Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı və müstəqil Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik.
Hörmətlə,
Həsənov R.H, təsisçi
Azərbaycan Respublikası, Bakı şəhəri.