Telman Məmmədovdan, Abşeron, Azərbaycan
15 fevral 2016, 14:10
Hörmətli cənab Prezident!
Dünya bazarında neftin qiymətinin xeyli aşağı düşməsi nəticəsində yaranan qlobal iqtisadi böhran Azərbaycana müəyyən qədər təsir etsə də, ümumi iqtisadi inkişafımızı dayandırmadı. Çünki Azərbaycan azad, müstəqil və uğurlu siyasət yürüdən, dünyanın ən inkişaf etmiş dövlətləri ilə hərtərəfli əlaqələr quran, suveren, müasir ölkədir. Müasir müstəqil Azərbaycan dövləti ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılıb və qorunub. İndi bu dövlət onun layiqli varisi, uzaqgörən siyasəti ilə dünyada tanınan, hərtərəfli biliyə, dövlətçilik təcrübəsinə malik olan, hər bir çətinlikdən bacarıqla çıxmağın siyasi və iqtisadi yollarını dərindən bilən Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir.
Möhtərəm cənab Prezident, dünyanın ən inkişaf etmiş dövlətlərində belə insanlar böyük iqtisadi çətinliklərlə üzləşiblər. Siz uğurlu, düşünülmüş, humanist, ədalətli addımlar atmaqla xalqımızı qlobal böhranın təsirlərindən maksimum dərəcədə qorudunuz. Təqaüdləri, səhiyyə, təhsil və digər sahələrdə çalışan işçilərin əməkhaqlarını artırdınız.
Çox hörmətli Prezident, humanist, qayğıkeş, böyük insani dəyərlərə əsaslanan addımlarınızdan biri də məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıdır. Bir milyondan çox məcburi köçkünün müavinətlərinin artırılması, kommunal xərclərinin ödənilməsi barədə qərarlarınız təqdirəlayiqdir. Məcburi köçkün uşaqları Sizin göstərişinizə uyğun olaraq təhsil haqqından azad ediliblər.
İstər regionlarda, istərsə də Bakı və Sumqayıt şəhərlərində məcburi köçkünlər üçün gözəl şəraiti olan şəhərciklər salınıb, onlara yaxşı təchiz olunmuş geniş mənzillər verilib. Yaşadığımız şəhərcik buna əyani sübutdur.
Möhtərəm cənab Prezident, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğı və diqqətə görə şəxsən öz adımdan, bütün ziyalılar, məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə bütün işlərinizdə uğurlar, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Məmmədov Telman, Qarabağ müharibəsi veteranı, Zəngilan rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.