Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətinin qəbulunda İlham Əliyevin giriş nitqi

11 may 2016, 17:50
Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətinin qəbulunda İlham Əliyevin giriş nitqi

Sizi görməyimə çox şadam. Ümidvaram ki, Azərbaycana səfəriniz maraqlı keçir. Təmsil etdiyiniz bir çox şirkət uzun illərdir ki, ölkəmizdə fəaliyyət göstərir. Bir sözlə, biz bir-birimizi tanıyırıq.

MEDEF ilə Fransada, o cümlədən Bakıda keçirdiyim görüşlər xatirimdədir. Bu, artıq dördüncü görüşümüzdür və bu, göstərir ki, aramızda mütəmadi təmaslar var. Bu, çox yaxşı haldır, çünki ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə tərəfdaşlığın, əməkdaşlığın inkişaf etdirilməsində birgə, ümumi maraqlarımız var. Lakin təbii ki, münasibətlərimizin kökündə siyasi əlaqələrimiz dayanır. Çox şadıq ki, Fransa ilə Azərbaycan arasında münasibətlər yaxşı tarixə malikdir. Bu, fəal əməkdaşlıq və tərəfdaşlıq tarixidir.

Yəqin ki, bilirsiniz, Prezident Olland Azərbaycana iki dəfə, Prezident Sarkozi isə bir dəfə səfər etmişlər. Mənim Fransaya bir neçə dəfə səfərlərim - dövlət, rəsmi və işgüzar səfərlərim olub. Aramızda olduqca fəal siyasi dialoq, məsləhətləşmələr mövcuddur və bu əlaqələr dərin iqtisadi əməkdaşlıq üçün şərait yaradır. Müxtəlif sahələrdə zəngin təcrübə toplamışıq. Əməkdaşlıq, əslində, neft və qaz sahəsində başlayıb. Ən böyük fransız sərmayələri, əlbəttə ki, neft və qaz sahəsinin payına düşür. Lakin təbii ki, biz iqtisadiyyatın şaxələndirilməsi prioritetini nəzərə alaraq, digər sahələrdə də daha çox sərmayə görmək istərdik. Əminəm ki, bu səfərdən sonra bizim reallaşa biləcək daha çox layihələrimiz olacaq. Lakin iqtisadi əməkdaşlığımız artıq kifayət qədər müxtəlifdir və nəqliyyat, hava nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos sahələrini əhatə edir. Fransız şirkətləri bizə kosmos sənayesinin yaradılmasında kömək göstərirlər.

Biz ilk peykimizi orbitə çıxarmışıq. Siz artıq ikinci peyki hazırlayırsınız. Əməkdaşlığımızı, həmçinin kənd təsərrüfatı sektorunda da başlamaqda ümidlərimiz böyükdür. Artıq bir neçə kiçik layihələr başlayıb. Bunun böyük potensialı var və bu, ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan üçün prioritetlərdən biridir.

Humanitar və təhsil sahəsində yaxşı əməkdaşlığımız mövcuddur. Ümidvaram ki, Bakıda Fransız Liseyinə səfər etmək imkanınız olacaq. Bu lisey tərəfdaşlığımızın müsbət nümunəsidir. Biz, həmçinin birgə universitetin yaradılması üzərində çalışırıq. Ağ Şəhər çərçivəsində yaradılan fransız məhəlləsi də çox gözəldir. Bu, bir növ Parisin bir guşəsini xatırladır. Əgər səfər etmək imkanınız olarsa, bu, maraqlı məkandır. Xüsusən də nəzərə alsaq ki, həmin ərazi yüz il əvvəl orada tikilmiş neftayırma obyektlərinin olması ilə əlaqədar əvvəllər “qara şəhər” adlanırdı. Bütün ətraf yerlər isə çirklənmişdi. İndi həmin layihə “Ağ Şəhər” adlanır. Onun rəmzi adı var. Həmin layihənin böyük, hətta nəhəng hissəsində Paris məhəlləsinin salınması nəzərdə tutulur. Əlbəttə ki, humanitar sahə hər hansı biznes fəaliyyətini birbaşa yaratmır. Lakin o, dostluq əlaqələrinin, daha çox anlaşmanın və tərəfdaşlığın yaradılmasında çox mühüm rol oynayır.

Ümidvaram ki, hazırda biz diqqətimizi əməkdaşlığımızın, artıq qeyd etdiyimiz enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələri ilə yanaşı, Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəldə bilərik. Yəni, neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk. Son illər ərzində, fikrimcə, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılmışdır. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərmişdir. Bu, əsasən əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalmışdır. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır. Bu, artıq baş verir.

Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur.

Əlbəttə, zəngin enerji resurslarına malik olmayan inkişaf etmiş ölkələrin, o cümlədən Fransanın təcrübəsi yaxşı bir nümunədir. Əminəm ki, gələn illər ərzində Azərbaycanda neft və qazdan asılılıq o qədər də gözəçarpan olmayacaq. Bir sözlə, mən belə bir böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyinizə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, fransız şirkətlərinin ölkəmizə marağının yaxşı göstəricisidir. Biz də fransız şirkətləri ilə işləməkdə eyni dərəcədə maraqlıyıq. Ümidvaram ki, çox maraqlı görüşləriniz olacaq və bu görüşlərin nəticəsində bizim yeni layihələrimiz, müqavilələrimiz olacaq və əməkdaşlığımız yeni səviyyəyə qalxacaq. Bir daha xoş gəlmisiniz!

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06