Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında İlham Əliyevin nitqi

03 iyun 2016, 10:45
Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar, əziz həmvətənlər. 

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycandadırlar, doğma Vətəndədirlər. Bu gün IV Qurultayın açılışı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik etmək istəyirəm. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq.

Bildiyiniz kimi, birinci Qurultay ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır.

Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər.

2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olmuşdur. Çünki birinci Qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda onun adı Diasporla İş üzrə Dövlət Komitəsidir. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.

Bilirsiniz ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, o vaxt Sovet İttifaqı çərçivəsində başqa respublikalarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərirdi. Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq respublikaların ali məktəblərində təhsil alırdılar. Hər il 800-dən çox Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdılar. Ondan sonrakı dövrdə - müstəqillik dövründə Ulu Öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü təsis edilmişdir. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər.

Beləliklə, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Əlbəttə, əminəm ki, qurultayda səslənəcək fikirlər, aparılacaq müzakirələr bizim imkanlarımızı daha da genişləndirəcək.

Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.

Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar.

Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək.

Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var.

Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.

Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər.

Bir daha qeyd etmək istəyirəm ki, dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Hesab edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Əfsuslar olsun ki, azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik onların sayına uyğun deyil. Ona görə bu istiqamətdə də iş aparılmalıdır. Əlbəttə ki, Azərbaycan dövləti bu işə heç cür müdaxilə edə bilməz və etməməlidir. Bu vəzifəni ancaq diaspor təşkilatları özləri həll etməlidirlər. Necə? Yenə də birlik hesabına. Əgər misal üçün, bir ölkədə bütün diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək.

Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar.

Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır.

Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir.

Bu gün sərmayə qoyuluşu problemləri, həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də gözəl şərait yaradır. Ona görə bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur.

Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın.

İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bunun əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda biz turizm sektorunu sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar.

Bizim xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yoxdur. Hazırda bizim 92 diplomatik nümayəndəliyimiz, 60 səfirliyimiz var. Qeyd etdiyim kimi, bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə, - Ermənistandan başqa, - heç bir problemimiz yoxdur.

Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırılır. Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur.

Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.

Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə iş aparılmalıdır. Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək.

Ona görə bax, bu, zəif yerimizdir. Bu, prioritet istiqamətdir və hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir. Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün burada lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır.

Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, “blokada” şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər.

Əgər belə olmasaydı, 1992-ci ildə ABŞ Konqresi o məlum və mənfur 907-ci düzəlişi qəbul etməzdi. Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, ABŞ Konqresi “Azadlığa dəstək aktı”na düzəliş qəbul edir ki, Azərbaycan Amerika dövlətinin birbaşa yardımından məhrum edilməlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnaməni bəlkə heç bir parlament görməyib.

Bu, nəyə görə baş verdi? Ona görə ki, erməni lobbisinə aid olan satqın, rüşvətxor konqresmenlər, - bəziləri bu çirkin missiyanı hələ də davam etdirir, - belə bir yalanı ortaya atıblar. Azərbaycan isə sadəcə olaraq susub. O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə edənlər də, ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir. Ona görə ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsinə başladılar. İndi bu düzəliş qüvvədədir. İndi bu düzəlişi aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz doğrudan da böyük səylər göstərirdik. Sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur. Onsuz da bu düzəlişin heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik, ayaqda möhkəm dayanmışıq. Özümüz kimə lazımdırsa yardım göstərə bilərik.

Ancaq nəyi demək istəyirəm, bax, bu, erməni təxribatı idi. Bu gün onlar müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin.

Yəni, budur reallıq. Bu, bizim tarixi torpağımızdır. Bütün toponimlər, bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Götürün, XX əsrin əvvəllərində çar Rusiyasında çap edilmiş xəritələrə baxın, bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir. Sonra ermənilər bunları yavaş-yavaş dəyişməyə başladılar, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdılar ki, o tarix silinsin. Bu, birinci məsələ.

İkinci məsələ, biz işğala məruz qalmışıq və bu, dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq qaçqın və köçkünümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, tələb edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılsın. Bunlara əməl edilmir. Yəni, budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə ki, bunu heç kim inkar edə bilməz. Hətta ermənipərəst qüvvələr də inkar edə bilməzlər, halbuki buna çalışırlar.

Ona görə bu həqiqətlər çatdırılmalıdır. Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər materiallar, xəritələr, kitablar, tarixi sənədlər var. Bizim alimlərimiz çox böyük işlər görürlər. “İrəvan xanlığı” adlı böyük bir elmi əsər yaradılıbdır. Çünki dünyada bir çoxları bilmir ki, bu, bizim tarixi torpağımızdır. Ancaq biz bunu sənədlər əsasında sübut edirik, xarici dillərə tərcümə edirik.

Ona görə bu istiqamət diaspor təşkilatları üçün əsas olmalıdır. Diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar. Biz bunu hələ ki, görmürük. O internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun.

Yenə də deyirəm, biz informasiya dövründə yaşayırıq və informasiyanın əhəmiyyəti getdikcə artacaq. Biz buna hazır olmalıyıq. Bilirsiniz ki, erməni diasporu bunu öz hesabına edir. Ermənistan səfil bir ölkədir, orada heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər, nəinki indi harasa, xaricə nəsə yardım edə bilsinlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir və həll edə bilər, dəstək verir və verə bilər. Sadəcə olaraq, bu işlər məqsədyönlü şəkildə aparılmalıdır və səmərəli şəkildə qurulmalıdır. Beləliklə, Azərbaycan reallıqları haqqında həqiqətə uyğun informasiya veriləcək.

Bax, ən yeni misal aprel döyüşləri ilə bağlı olubdur. Ermənistan nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar, informasiyalar ötürsün, buna nail ola bilməyib. Ancaq erməni diasporu ilə sıx biznes əlaqəsində olan çox məhdud sayda bəzi satılmış jurnalistlər, - onların adlarını biz hamımız yaxşı bilirik, bu auditoriyada onları çəkmək yerinə düşməz, - çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və o aprel döyüşlərini Ermənistanın böyük qələbəsi kimi qələmə versinlər.

Amma alınmadı. Nəyə görə? Çünki birincisi, artıq bizim də imkanlarımız var. İkincisi, biz də öz sözümüzü deyirik. Hamı bilir ki, nələr baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir.

Çox təəccüblüdür, Ermənistan rəhbərliyi bu situasiyada da çalışır ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın. Bu gün bu, mümkün deyil. İndi isə nəticə etibarilə özünü belə gülünc vəziyyətə qoyub. Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər. Gah deyirdilər ki, əksinə onlar Azərbaycan torpaqlarını zəbt ediblər. Gah deyirdilər ki, onlar qələbə qazanıblar. Sonra deyirdilər ki, torpaqları itiriblər. Sonra deyirdilər ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra deyirlər ki, əhəmiyyəti var, Azərbaycan o torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan bunu nəyə görə qaytarmalıdır?! Yəni, özlərini tamamilə itiriblər, özlərini belə gülünc ifadələrlə ifşa ediblər.

Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə ifadə edib. Onun sözləri təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam dörd dəfə yalan danışıb. Birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Nəyə görə? Mən artıq bunu demişəm və qısaca olaraq, bir daha qeyd etmək istəyirəm ki, çünki Ermənistan sülh istəmir. Görəndə, onlara təzyiq artır ki, məsələ sülh yolu ilə həll olunsun, bəyanatlar səslənir ki, status-kvo dəyişməlidir, - status-kvonun dəyişməsi isə işğalçı qoşunların torpaqlardan çıxarılması deməkdir, - təxribatlara əl atır.

Onlar aprel döyüşləri ərəfəsində də bizim mövqelərimizə hücumlar ediblər. Hətta təmas xəttində deyil, başqa istiqamətdə, Qazax bölgəsində bizim iki hərbçimiz həlak olub. Onlar daim bizim kəndləri atəşə tutur, mövqelərimizə hücum edirdilər. 2014-cü ildə növbəti təxribat törədib bizim mövqelərimizə hərbi helikopterlə hücum çəkmişdilər. Bizim Ordumuz onu vurdu. Ermənistan bundan bəhanə kimi istifadə etdi və danışıqlar bir il donduruldu. Yəni, görəndə ki, onlara təzyiq güclənir, daim təxribatlara əl atırlar. Bu aprel döyüşləri də bu sıradan olan təxribat idi. Azərbaycan Ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu. Yəni, bu, birinci yalan.

İkinci yalan odur ki, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb. Birincisi, bu, necə nəzarətdir ki, özləri etiraf edirlər, onlar 800 hektar torpağı itiriblər. Bu, çox qəribə bir nəzarətdir. Birincisi, onu qeyd etməliyəm ki, Azərbaycan Ordusu 800 hektar deyil, 2000 hektardan çox torpağı işğalçılardan azad edib.

Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə hazırda Azərbaycan Ordusu nəzarət edir. O ərazidə erməni ordusu heç tərpənə də bilmir.

Üçüncü yalan odur ki, “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir. Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin tərkibində xidmət edən hərbçilər Ermənistan vətəndaşlarıdır. Onların 80 faizi Ermənistan vətəndaşlarıdır, Ermənistanda doğulublar. “Dağlıq Qarabağ ordusu” mifdir. Bu, üçüncü yalan.

Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan Rusiyadan xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu, yalandır. Azərbaycan belə bir xahiş etməyib. Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ bir iki-üç gün Ermənistan ordusu çalışırdı ki, o mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, görəndə ki, böyük itkilər verir, görəndə ki, əgər dayanmasa, daha da böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər. Rusiyanın Baş Qərargah rəisi bizim Baş Qərargah rəisinə zəng etdi, dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs bərpa edilsin və bizim qərargah rəisini Moskvaya danışıqlara dəvət etdi. Ondan sonra Rusiya Prezidenti mənə eyni təkliflə zəng etdi ki, atəş dayandırılsın və qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın.

Yəni, budur reallıq. Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. Bu, mütləq “Ginnesin rekordlar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər.

Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, Ordumuzun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbaycanlıları adından bizim qəhrəman hərbçilərimizi salamlayaq.

Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!

SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35