Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

28 aprel 2011, 17:00
Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olmuşdur.

Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Çox hörmətli Viktor Fyodoroviç!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Viktor Fyodoroviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bu, Sizin Ukrayna Prezidenti kimi ölkəmizə ilk səfərinizdir. Mən şadam ki, səfər çox uğurlu keçir, bu gün aparılan danışıqlar, fikir mübadiləsi bir daha ölkələrimizin və xalqlarımızın, dövlətlərimizin mövqelərinin nə qədər yaxın olduğunu göstərir.

Ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olmuşdur. Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir.

Siyasi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir. Mən ötən ilin sonlarında Ukraynaya rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimizin yaxınlaşmasına kömək edir. Biz, həmçinin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, ATƏT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.

Bu gün biz iqtisadi, siyasi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı çox geniş müzakirələr apardıq. Mən Ukrayna Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə məlumat verdim. Münaqişənin həllində prinsipial mövqeyinə görə Ukraynaya təşəkkürümü bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan Birgə Bəyanatda da öz əksini tapmışdır. Bəyanatda deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinin pozulmazlığı prinsipləri nəzərə alınmaqla nizama salınmalıdır.

Bu gün biz Prezidentlər Şurasının iclasında münasibətlərimizin iqtisadi hissəsini də müzakirə etdik, yaxşı rəqəmlər, nəticələr, əmtəə dövriyyəsinin artmasını gördük. Əlbəttə, əmtəə dövriyyəsinin sürətlə artması böyük nikbinlik və ümid doğurur.

Bizim şirkətlər tərəfindən artıq həyata keçirilən investisiya layihələri də vardır. Əminəm ki, yaxın vaxtlarda onların həcmi artacaqdır.

Hərbi-texniki sahədə əməkdaşlıq da ənənəvi formata malikdir. Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcəkdir. Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur.

Energetika sahəsində əməkdaşlıq münasibətlərimizin mühüm tərkib hissəsidir. Burada işlərimiz çox uğurla gedir. Bu artımın nə qədər sürətli olmasını görmək üçün Azərbaycandan Ukraynaya neft və neft məhsulları satışının həcminə dair keçən ilin statistikasına nəzər salmaq kifayətdir. Təkcə keçən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu, ölkələrimiz arasında fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olan yeni layihədir. Bu məsələ uzun illər boyu diskussiya mərhələsində olmuşdur. Bu gün o, artıq özünün konkret həllini tapmışdır.

Bu ilin yanvar ayında biz, iki prezident Azərbaycanın maye qazının Ukrayna ərazisinə nəql edilməsi haqqında sənəd də imzalamışıq. Biz bu layihəyə böyük əhəmiyyət veririk və bu gün həmin mövzuda məsləhətləşmələr aparılır. Bizim çox zəngin qaz ehtiyatlarımız vardır və biz qaz satışının coğrafiyasını şaxələndirməyə çalışırıq. Zənnimcə, bu da ukraynalı tərəfdaşlarımız üçün maraq doğurur.

Başqa sözlə desək, bugünkü müzakirələrin və Prezidentlər Şurasının iclasının yekunları çox sanballıdır. Bir daha deyirəm, bu nəticələr konkret, praqmatik, realist olmaqla möhkəm siyasi və humanitar əlaqələrə əsaslanır.

Dostumuz Viktor Fyodoroviç Yanukoviçi ölkəmizdə qəbul etmək mənə çox xoşdur. Ölkəmizə Sizin sonuncu səfərinizi xatırlayıram, o vaxt Siz Baş nazir idiniz. O vaxtdan beş il keçmişdir. Lakin bütün bu illər ərzində əlaqələrimiz, münasibətlərimiz davam etmişdir. Bu gün bu münasibətlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə çox cəhətdən kömək edir.

Bir daha xoş gəlmisiniz, Viktor Fyodoroviç.

Ukrayna Prezidenti Viktor Yanukoviçin bəyanatı

- Hörmətli İlham Heydər oğlu!

Ukraynanın və Azərbaycan Respublikasının nümayəndə heyətlərinin hörmətli üzvləri!

Azərbaycan Respublikasının və Ukraynanın Prezidentləri Şurasının növbəti, üçüncü iclası indicə başa çatmışdır. Bundan əvvəl İlham Heydər oğlu ilə təkbətək formatda bir sıra məsələləri müzakirə etmişik. Biz indicə İlham Heydər oğlunun dediyi məsələlərin praktiki olaraq bütün spektrini, birgə planlarımızın həyata keçirilməsi mexanizmlərini çox ətraflı müzakirə etməyə müvəffəq olduq. Hörmətli İlham Heydər oğlu, demək istəyirəm ki, Bakının yeniləşmiş görkəmi məni ürəkdən sevindirir. Biz Bakıya gələn kimi imkan tapib həmkarlarımızla fikir mübadiləsi apardıq. Çünki mənim kimi, burada iştirak edənlərin əksəriyyəti son beş ildə Bakıda olmamışdır. Biz gördük ki, müxtəlif informasiya məlumatlarında, statistik nəşrlərdə deyilən tərəqqi göz qabağındadır. Bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir. Bizim üçün bu, hər hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən dövlət idarəçiliyi sisteminin necə səmərəli işləyə bilməsini göstərən əyani nümunədir. Yəni, sabitlik dövlətin inkişafının əsasıdır.

Əlbəttə, mənə çox xoşdur ki, Azərbaycanın Ukraynaya münasibətdə siyasəti də bu sabitliyin tərkib hissəsidir. Bu ənənələr hələ Heydər Əliyevlə başlanmışdır. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bizə kömək əlini uzatmışdır. O vaxt, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materialları yox idi. Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə kənd təsərrüfatı işlərini yanacaqla təmin etdik və bütövlükdə ölkəyə necə deyərlər, bir udum oksigen verdik. Ukrayna xalqı bunu unutmur, Heydər Əliyevin ruhu şad olsun.

Ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən ənənələr davam edir. Lakin əgər bu gün ölkələrimizin bu qədər böyük potensiala malik olduğu bir şəraitdə xalqlarımızın həyatını yaxşılaşdırmağın əsası olan iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq.

Ötənilki əmtəə dövriyyəsi ölkələrimizin müstəqillik qazandığı bütün illər içərisində görünməmiş səviyyədir. Bu il Ukrayna da, Azərbaycan da müstəqilliklərinin 20-ci ildönümünü qeyd edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik, əmtəə dövriyyəsi elə səviyyəyə qalxdı ki, Ukrayna hazırda Azərbaycanla bu göstərici üzrə ikinci yeri tutur. Mən bu gün bunu artıq ikinci dəfədir deyirəm. Bu, bizim üçün xoşdur. Əlbəttə, razılaşmalarımızı yerinə yetirməyimiz, onlara əməl etməyimiz çox vacibdir. Nəhayət, Odessa-Brodı neft kəməri işə düşdü. Əlbəttə, onun Baltik dənizinə qədər uzadılması vacibdir. Yəqin ki, biz bu məsələni yaxın gələcəkdə necə həll etmək barədə düşünməliyik. Biz bu məsələni İlham Heydər oğlu ilə müzakirə etmişik. Biz neft kəmərinin Baltik dənizinədək çatması üzərində işləyəcəyik. Mən planlarımızın təfsilatları barədə danışmayacağam. Lakin biz gözəl başa düşürük ki, mövcud imkanları mütləq birlikdə həyata keçirməliyik.

İlham Heydər oğlu məni, demək olar ki, bir çox digər məsələlər barədə danışmaq imkanından məhrum etdi. Çünki o, çox şey barədə danışdı. Təkcə onu əlavə edə bilərəm ki, birgə həyata keçirmək barədə razılığa gəldiyimiz müştərək sərmayə layihələri əlli-əlliyə gerçəkləşdiriləcəkdir. Bu layihələri birlikdə maliyyələşdirmək nəzərdə tutulmuşdur. Bu isə o, deməkdir ki, inşa edəcəyimiz obyektlər, hansı ərazidə tikilməsindən asılı olmayaraq, dövlətlərimizin – Azərbaycan Respublikasının və Ukraynanın birgə mülkiyyəti olacaqdır. Bu, etimadın ən yüksək səviyyəsidir və əlbəttə, düşünürəm ki, biz əvvəlcə birlikdə layihələşdirib, sonra həyata keçirsək səmərəlilik daha da artar.

Bizim artıq indi nəzərdən keçirdiyimiz bir sıra layihələr təkcə layihələşdirməyə deyil, həm də müxtəlif elmi tədqiqatlara, yeni texnologiyaların inkişafı sahəsinə, elmi-təcrübə bazalarımızın, elmi-tədqiqat təşkilatlarının fəaliyyətinə aiddir. Bunlar ən yaxın gələcəkdə həyata keçirəcəyimiz planlardır. Bu gün biz belə müqavilələr imzaladıq. Başqa sözlə, birgə qərarlarımızın səmərəliliyi bu gün imzaladığımız 2014-2015-ci illərədək olan dövr üçün planların əsasını təşkil edir. Orada müxtəlif sənədlər vardır.

Mən həm də Azərbaycan torpağında bizə göstərdiyiniz çox böyük qonaqpərvərliyə, əlbəttə, qərarların qəbul edilməsində və həyata keçirilməsində operativliyə görə nümayəndə heyətimiz adından təşəkkürümü bildirmək istəyirəm. Bu, ikitərəfli münasibətlərimiz üçün səciyyəvidir.

Əlbəttə, qarşıda bizi müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizin əlaqələndirilməsinə dair böyük iş gözləyir. Bu, iqtisadiyyatın qloballaşdırılması, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılması şəraitində çox vacibdir. Bununla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında “Örtük” layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna bir milyon dollar köçürülməsi barədə qərara görə, İlham Heydər oğlu, Sizə, Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm. Bu da xalqlarımız arasında qırılmaz əlaqələrin dar gündə də, Ukrayna sakinlərinin təhlükəsizliyi, 25 il əvvəl baş vermiş faciə ilə bilavasitə bağlı qərar qəbul etmək vaxtı çatanda da özünü büruzə verməsinin parlaq nümunəsidir. Bu faciə indi də Ukrayna xalqını böyük gərginlikdə saxlayır. Çünki biz o faciənin nəticələrinə görə təkcə qonşu ölkələr qarşısında deyil, həm də Avropa qarşısında, bütün dünya qarşısında məsuliyyət hiss edirik. Biz bilirik ki, bu layihə artıq 2015-ci ildən sonra Çernobıl qəzasının nəticələrini birdəfəlik aradan qaldırmağa, başqa sözlə, qəzalı bloku söküb nüvə yanacağının qalıqlarını oradan çıxarmağa imkan verəcəkdir. Buna görə də Sizə çox böyük təşəkkürümü bildirir, Azərbaycan xalqı qarşısında baş əyirəm. Çox sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

- Hörmətli prezidentlər, maye qaz barədə razılaşmanı bir qədər konkretləşdirə bilərdinizmi? Məsələn, Ukraynada terminalın necə inşa ediləcəyi məsələsində artıq indi aydınlıq vardırmı? Bu işə sərmayə qoyulacaq, yoxsa dövlətlərin hesabına tikiləcəkdir? Azərbaycan bu terminalı qazla təmin edə bilərmi və o, rəqabətə davamlı olacaqdırmı?

Prezident İlham ƏLİYEV: Bu barədə sənəd bu ilin yanvar ayında Davosda Viktor Fyodoroviçlə görüşümüz zamanı imzalanmışdır. O qədər də çox vaxt keçməmişdir və indi biz bu mövzuda ciddi məsləhətləşmələrə başlayırıq. Əlbəttə, sizin dediyiniz məsələlər bu layihənin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Çünki bu layihəni həyata keçirmək üçün bütün texniki, kommersiya, hüquq məsələləri həll edilməlidir. Bizim diskussiyalar zamanı gördük ki, ukraynalı tərəfdaşlarımız bu layihəni həyata keçirməyə çox səy edirlər. Bu layihə Ukrayna tərəfinin təşəbbüsü ilə başlanmışdır. Bu onu göstərir ki, Ukrayna bu layihənin həyata keçirilməsində, eləcə də təchizat mənbələrinin şaxələndirilməsində maraqlıdır. Buna görə bu gün biz ölkələrimizin nazirlikləri, həmçinin şirkətlər səviyyəsində bu mövzuda fəal məsləhətləşmələr aparırıq və düşünürəm ki, bu məsləhətləşmələrin nəticəsi artıq konkret təkliflər və texniki-iqtisadi əsaslandırmalar olacaqdır. Bu sənədlərdə məhz mənim dediyim məqam – layihənin kommersiya tərəfi, təchizatın həcmi, nəqliyyat amili, bu qazın çatdırılması üçün zəruri vasitələr öz əksini tapacaqdır. Bildiyiniz kimi, burada da müxtəlif variantlar vardır. Ona görə də biz bunu perspektivli layihə hesab edirik və biz onun həyata keçirilməsi ilə əlaqədar proseslərdə fəal iştirak edəcəyik.

Təchizatın həcmi məsələsinə gəldikdə, burada yəqin ki, bizim malik olduğumuz rəqəmləri göstərmək kifayətdir, mən həcm göstəricilərini nəzərdə tuturam. Azərbaycanda təbii qazın təsdiqlənmiş ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə bərabərdir. Yaxın gələcəkdə planlaşdırılan investisiyaların məbləği milyardlarla, bəlkə də 10 milyardlarla dollar ilə ölçülür. Bu, hasilatı artırmağımıza imkan verəcəkdir və təbii ki, biz təchizatın şaxələndirilməsində maraqlıyıq. Bu gün biz qaz ehtiyatlarımızı qonşu ölkələrə nəql edirik. Əlbəttə biz bu ənənəvi bazarlara təchizatın artırılmasında, eləcə də yeni bazarlara çıxmaqda maraqlıyıq. İstehlakçı ölkələr yeni mənbələrdə maraqlı olduğu kimi, istehsalçı ölkələr də yeni bazarlarda maraqlıdırlar. Burada istehlakçıların və istehsalçıların maraqları üst-üstə düşür. Bizim halda bu maraqlar tamamilə üst-üstə düşür. Buna görə də düşünürəm ki, biz lap yaxın vaxtlarda bu mövzuda fəal silsilə məsləhətləşmələr aparacağıq və onda artıq bu məsələdə daha çox aydınlıq olacaqdır.

- Mənim sualım hər iki prezidentədir. Energetika sahəsində Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq uğurla inkişaf edir. Qeyri-neft sektorunda da ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük imkanlar vardır. Siz bu sahədə əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

Prezident İlham ƏLİYEV: Bu gün biz bu məsələləri çox fəal müzakirə etmişik və Prezidentlər Şurasının iclasında bu məsələ diskussiyalarımızın bir hissəsi olmuşdur. Əlbəttə, energetika sahəsində əməkdaşlıqla əlaqədar məsələlər xüsusi maraq doğurur. Lakin biz iqtisadiyyatlarımızı da şaxələndirməli, əmtəə dövriyyəsinin strukturuna da nəzər salmalıyıq. Hökumətlərarası komissiyanın həmsədrləri bizə bu gün məruzə etdilər ki, bizim Ukraynaya ixracın mütləq əksəriyyəti neft və neft məhsullarıdır. Bu, özlüyündə yaxşı amildir. Lakin biz əlbəttə, istərdik ki, ixracın nomenklaturu daha çox şaxələnsin. Xüsusən ona görə ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. Emal sənayesi inkişaf edir, sənaye istehsalı artır. Buna görə də mən düşünürəm ki, hökumətlərarası komissiyanın bu yaxınlarda Bakıda keçirilmiş iclası çərçivəsində bu məsələ müzakirə olunmuşdur və bizim necə əməkdaşlıq edə biləcəyimizin konkret yolları müəyyən ediləcəkdir.

Bu gün müzakirə etdiyimiz məsələlərdən, qeyri-neft sektorunda əlaqələrin konkret istiqamətlərindən hərbi-texniki sahədə əməkdaşlığın adını çəkmək istərdim. Bu barədə mən artıq danışdım. Burada da bizim bir neçə komponentimiz vardır – alışlar, birgə istehsal, habelə müştərək araşdırmalar. Bundan əlavə, biz bu gün aerokosmik sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Burada Ukraynanın da çox böyük potensialı və bu sahədə ənənələri vardır, Azərbaycan da bu sahəni inkişaf etdirməyi çox arzulayır. Bizim kosmik məsələlər üzrə agentlik yaratdığımızı, kosmik sənaye yaratmaqda olduğumuzu və gələn ilin sonuna qədər ilk telekommunikasiya peyki buraxacağımızı nəzərə alsaq, bu sahə bizim üçün prioritet sahələrdən birinə çevrilir.

Zənnimcə, qeyri-neft sektorunda bu iki istiqamət üstünlük təşkil edəcəkdir. Əlbəttə, kənd təsərrüfatı malları, kənd təsərrüfatı məhsulları istehsalı, emal məhsulları istehsalı sahəsində də böyük perspektivlər vardır. Biz müştərək istehsalatlar yaratmaq, həm ixracın, həm də idxalın nomenklaturunu genişləndirmək barədə fikirləşirik.

Prezident Viktor YANUKOVİÇ: Mən vurğulamaq istərdim ki, Ukraynada Azərbaycana ixracın strukturunda məhsulların spektri çox genişdir və bunlar əsasən əlavə dəyər səviyyəsi yüksək olan məhsullardır. Buraya maşınqayırma, elektrotexnika məhsulları, Ukrayna ilə Azərbaycan arasında onilliklər boyu əlaqələri olan iqtisadiyyatın ənənəvi sahələrinin məhsulları daxildir. Lakin bu gün biz artıq o barədə danışırıq ki, bu məhsulun bir qismini Azərbaycanda buraxmaq olar. Biz bu məsələləri müzakirə etmişik və gələcəkdə bu strategiyaya riayət edəcəyik. Yəni, Azərbaycan ərazisində müştərək müəssisələr yaradacağıq ki, gələcəkdə bu texnikaya xidmət etmək, servis xidmətləri göstərmək, Ukraynada istehsal edilən, Azərbaycanda istehsal etməyin mənası olmayan dəstləşdirmə məmulatlarından qismən istifadə etməklə məhsul istehsal etmək mümkün olsun. Dəstləşdirici məmulatların müəyyən hissəsi isə Azərbaycanda istehsal ediləcəkdir.

Bir daha təkrar edirəm, bu məhsulların spektri çox genişdir. İlham Heydər oğlu çox məsələlər haqqında danışdı, mən isə əlbəttə əlavə edə bilərəm ki, Azərbaycanda işləyə biləcək kənd təsərrüfatı texnikasının, Ukraynada istehsal edilən müxtəlif markalı avtomobillərin buraxılışı məsələlərini də müzakirə etməyə dəyər və bu gün həmin avtomobillər Azərbaycanda istismar edilir. Lakin biz onları burada yığa bilərik və bu, təkcə Azərbaycan üçün deyil, bizim həmin texnika ilə təmin etdiyimiz bütün Xəzər regionu üçün maraqlı olacaqdır.

Əlbəttə, bütövlükdə əməkdaşlığımız bizim iqtisadiyyatların bir-birini qarşılıqlı tamamlamasına və ölkələrimizdə mövcud olan ənənəvi istiqamətlərin rəqabət qabiliyyətini təmin etməyə yönəlmişdir. Bundan əlavə, əlbəttə bu gün biz düşünürük ki, Ukraynada olan potensialımız azərbaycanlı həmkarlarımız, tərəfdaşlarımız üçün tam həcmdə istifadə edilə bilsin. Təbii ki, İlham Heydər oğlu ilə biz Azərbaycan məhsullarının Ukraynaya göndərilməsi barədə də danışdıq. Hazırda biz yanacaqdoldurma stansiyaları tikirik. Bu, bizim marağımıza uyğundur. Biz, həmçinin Ukrayna ərazisində neft emalı zavodunun tikilməsi, ola bilsin ki, alınması, modernləşdirilməsi məsələlərini də müzakirə edirik. Perspektiv baxımından bu, tamamilə real və maraqlıdır. Əlbəttə, xammal satışından əlavə, onu bizdə, Ukrayna ərazisində emal etmək də maraqlıdır. Buna görə də münasibətlərimizin əsasını təşkil edən etimad, dostcasına qarşılıqlı anlaşma qərarlar qəbul edilməsini və yaxın müddət üçün nəzərdə tutduğumuz işlərin yerinə yetirilməsini müəyyən dərəcədə sürətləndirəcəkdir. Hesab edirəm ki, bizim bu işlərin sürətini yalnız artırmaq perspektivi vardır. Bu gün həmin sürət optimaldır, münasibətlərimiz üçün əlverişlidir və güman edirəm ki, biz münasibətlərdə bu vəziyyəti uzun müddət qoruyub saxlayacağıq.

gallery-photogallery-photo