İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib

02 fevral 2017, 12:00
İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib

Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını etdi.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.

Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə vermişdir. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur.

Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü büruzə vermişdir.

Niyazinin çox böyük ictimai fəaliyyəti də olmuşdur. O, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. Sovet İttifaqının ən böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilmişdir. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.

Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi.

Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə yanaşır. Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk. Son bir neçə il ərzində şəhərimizin mərkəzində ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin – Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun abidələri açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə Niyazinin abidəsi də açılır.

Niyazinin adı Azərbaycanda əbədiləşdirilib. Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır, bu gün də Niyazinin möhtəşəm, çox gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə uyğun abidəsi açılır.

Onu da qeyd etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin yubiley tədbirləri dövlət səviyyəsində qeyd ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin, Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. Bütün bu əlamətdar tarixlər dövlətin tam dəstəyi ilə yüksək səviyyədə keçiriləcək.

Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq.

Azərbaycan xalqı öz görkəmli nümayəndələri ilə fəxr edir. Fəxr edirik ki, bizim görkəmli mədəniyyət, incəsənət nümayəndələrimiz dünya miqyasında özlərinə yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın istedadını göstərir və onu göstərir ki, biz dünya mədəniyyət xəzinəsinə çox böyük və dəyərli töhfələr vermişik.

Bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır.

Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun.

X X X

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, çox sağ olun. Siz Niyazi haqqında əsl musiqişünas kimi çıxış etdiniz. Mənə deməyə heç bir şey qalmır. Onu sadəcə insan kimi xarakterizə etmək istərdim.

Niyazi bizim üçün, əlbəttə, nəinki böyük maestro, böyük bəstəkar, həm də çox əziz bir insan idi. Həcər xanımı yada saldınız, çox sağ olun. Onların evində biz ikinci konservatoriyanı qurtarmışıq. Mən, Polad, Müslüm, Xuraman, Fidan konsertlərdən sonra saat 4-ə, 5-ə qədər o evdə əyləşir və musiqi haqqında danışırdıq. O evdə çox görkəmli musiqi xadimləri olub - Şostakoviç, Rixter, Koqan, Rostropoviç, Oystrax və başqaları. Maestro həmişə konsertdən sonra evində süfrə açırdı. Bu baxımdan da o, yeganə bəstəkar idi. Hətta bəzi bəstəkarların əsərlərinin premyerası olurdu, amma bəstəkar yox, maestro qonaqlıq verirdi. O, belə qonaqpərvər idi. Onun evində həqiqətən xüsusi bir ab-hava var idi.

Şostakoviç gözəl deyib ki, Azərbaycan bəstəkarları xoşbəxtdirlər, çünki bu ölkədə Niyazi var. Maestro Niyazi onun bütün əsərlərini həqiqətən də hər yerdə - Praqada, Londonda, Parisdə ifa edirdi. Vaxtilə Leninqradda məşhur Marinski Opera Teatrının baş dirijoru idi. Arif Məlikovun “Məhəbbət əfsanəsi”ni Leninqradda məhz maestro Niyazi səhnəyə qoydu. Həmin premyeradan sonra bu balet bütün dünyaya yayıldı. Bu əsər artıq 60 ölkədə ifa olunub.

Maestro Niyazi, əlbəttə, Qara Qarayevlə, Fikrət Əmirovla işləyirdi və onların yeni əsərlərinə birinci dirijorluğu da o, edirdi. Maestro Niyazi əsl xalq adamı idi. Məsələn, biz yayın isti günlərinin birində rayondan qayıdarkən gördük ki, qızlar pambıq yığırlar. Günün qızmar çağı idi, isti hamımızı əldən salmışdı. Maestro dedi ki, dayanın, hamınız avtobusdan düşün, qızlar üçün konsert verəcəyik. Həqiqətən pambıqçı qızlar mat qalmışdılar. Böyük maestronun rəhbərliyi ilə musiqiçilər onlar üçün Üzeyir bəyin uvertürasını ifa edirdilər. Bax, o, belə insan idi, millətini ürəkdən sevirdi, hamı ilə görüşür, salamlaşırdı. Əlbəttə, biz hamımız ona borcluyuq. Bu gözəl heykəldə hər şey əksini tapıb. Bu abidədə onun uğurları da, dərdləri də ifadə olunub. Bu, çox gözəl sənət nümunəsidir. Ömər müəllim, çox sağ olun. Bu, doğrudan da böyük bir sənət əsəridir. Çox gözəl məkanda qoyulub. Məncə burada kiçik konsertlər də vermək olar ki, saat 1-dən 2-yədək məmurlar gəlib konserti dinləsinlər.

Çox sağ olun, cənab Prezident. Heç bir ölkədə sənət adamlarına belə diqqət yoxdur. Bunu açıq demək lazımdır. Biz hər yerdə olurduq. Nə yubiley keçirilirdi, nə başqa bir tədbir. Deyirdilər ki, yubiley var get özün keçir. Ancaq indi Sizin sərəncamlarınızla nə qədər yubiley tədbirləri keçirilir. Allah qoysa, bu yaxınlarda Qara Qarayevin 100 illik yubileyi, Cövdət Hacıyevin, Tofiq Quliyevin yubileyləri keçiriləcək. Bunlar da böyük hadisələrdir. Cənab Prezident, işinizin həddən çox olmasına baxmayaraq, hər şey Sizin yadınızdadır.

Bu gün qarlı və günəşli bir gündür. Mən xatırlayıram, Qara Qarayevin heykəlinin açılışında da qarlı və günəşli gün idi. Yenə qayıdıram bizim cavanlıq illərimizə. 1982-ci ildə biz Şuşada qarlı bir gündə Ulu Öndərimizlə bir yerdə Vaqifin məqbərəsini açırdıq. Mən əminəm ki, Siz Prezident kimi və ətrafınızda olan biz ziyalılar yaxın gələcəkdə azad Şuşada Üzeyir bəyin, Xan qızının, Bülbülün heykəllərini bərpa edəcəyik. Çox sağ olun.

X X X

Bəstəkar, Xalq Artisti Faiq SÜCƏDDİNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Bu gün doğrudan da çox gözəl bir gündür. Biz bu gözəl heykəlin yanında dayanmışıq. Bu, Bakı şəhərində beşinci heykəldir. Doğrudan da bu, bizim musiqimizə, mədəniyyətimizə böyük bir qiymətdir. Yadımdadır, böyük müğənni Rəşid Behbudov ilə maestro Niyazinin yanına gəldik. Mən bir mahnı yazmışdım “Zəfərlər bayrağı”, Ulu Öndərin də xoşuna gəlmişdi. Maestro çox böyük diqqətlə dinlədi, partituraya baxdı. Hətta mənə pultun arxasına keçməyə icazə verdi. Rejissor Kərim Kərimov da burada idi. Mən pultun arxasına keçdim. Onlar mat qaldılar ki, nə əcəb maestro mənə icazə verdi. Əlbəttə, bu, onun sadəliyindən, səmimiliyindən, insanlığından irəli gəlirdi.

Mən Sizə təşəkkür edirəm, cənab Prezident. Bu, beşinci abidədir ki, bu gün Bakı şəhərində açılır. Bu, Azərbaycanın böyük mədəniyyətinə böyük qiymətdir. Sağ olun, cənab Prezident, nə yaxşı ki, Siz varsınız, bizə belə yüksək qiymət verirsiniz. Çox sağ olun.

X X X

Beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub QULİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Bu gün doğrudan Azərbaycan musiqiçiləri üçün və xüsusən də gənc musiqiçilər, gənc dirijorlar üçün çox əlamətdar bir gündür. Hətta mənə elə gəlir ki, təbiət də bu hadisəyə sevinir, günəşli gündür. Çünki maestro Niyazi Azərbaycan mədəniyyətinin günəşi idi. Həmişə də günəş kimi parlayır, xüsusilə də Azərbaycan musiqiçiləri və Azərbaycanı dünyanın müxtəlif ölkələrində, şəhərlərində təbliğ edən dirijorlar üçün bir simvol rolunu oynayır.

Cənab Prezident, bu gün maestro Niyazinin abidəsinin açılışının çox böyük rəmzi mənası var. Çünki biz bu gün – fevralın 2-də ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu Gənclər Gününü qeyd edirik. Bu gün gənclərin bayramıdır, eyni zamanda, mənim timsalımda Azərbaycanın bütün gənc dirijorlarının bayramıdır. Çünki Siz bizə bu gün belə bir hədiyyə təqdim etdiniz. Bu, Azərbaycanın bütün musiqiçilərinə, gənc musiqiçilərinə olan böyük bir diqqətdir. Maestro Niyazinin adı bizim ürəyimizdədir, qəlbimizdə həmişə yaşayır. Çünki biz xarici ölkələrdə maestro Niyazinin əsərlərini ifa edirik. Misal üçün bu yaxınlarda Moskva filarmonik orkestrinin müşayiəti ilə maestro Niyazinin və dahi Qara Qarayevin əsərlərini ifa etdik. Konsertdən sonra musiqiçilər bizə yaxınlaşıb həmin əsərlərin notlarını istəyirdilər. Nyu-Yorkda “Carnegie hall”da, Fransada Yelisey Teatrında Lamurö orkestrı ilə maestro Niyazinin əsərlərini ifa etdik. Əcnəbi ölkələrin musiqiçiləri böyük sevgi və ehtiramla yaxınlaşıb həmin əsərlərin notlarını bizdən istəyirdilər. Hər bir konsertdən, festivaldan, mərasimdən öncə biz maestro Niyazini yada salırıq. Çünki o, bizim müəllimimizdir, mənəvi dayağımızdır. Çünki maestro Niyazi Opera və Balet Teatrında, Dövlət Simfonik Orkestrində baş dirijor işləyən zamanlarda da çox böyük bir məktəb, böyük musiqiçilər ordusu yaratmışdı. İndi də gənc dirijorlar onun sənətini davam etdirirlər. Dörd gün sonra biz Frankfurt radio orkestrı ilə onun, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini ifa edəcəyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Artıq maestro Niyazi Azərbaycanın brendinə çevrilib. Elə bir ölkə yoxdur ki, orada maestro Niyazini tanımasınlar və sevməsinlər.

Möhtərəm cənab Prezident, Azərbaycanın bütün gənc musiqiçiləri adından bu gözəl, işıqlı gündə, bu bayramda bizə etdiyiniz bu ərməğana görə, bu sənət stimuluna görə minnətdarlığımızı bildiririk. Çünki bu, dirijorlarımız, musiqiçilərimiz üçün doğrudan da stimuldur. Artıq qeyd olunduğu kimi, dahi musiqiçilərimiz Qara Qarayevin, Fikrət Əmirovun, Rəşid Behbudovun abidələri ucaldılıb. Bu gün isə maestro Niyazinin abidəsi ucaldı. Bu, Azərbaycan gəncliyinə bir mesajdır ki, Vətənimizin görkəmli insanlarını həmişə xatırlamalıdır və onları yad etməlidir. Bu, bizim borcumuzdur.

Bir daha Sizə təşəkkürümüzü bildiririk, cənab Prezident. Bu mərasimdə iştirakınızla bizi qürurlandırdınız. Var olun ki, Azərbaycan mədəniyyətini qoruyursunuz. Görürük ki, dünyada müəyyən proseslər baş verir. Amma Azərbaycan, mədəniyyətimiz çiçəklənir. Nə qədər maraqlı layihələr həyata keçirilir. Bu gün də böyük bir layihənin iştırakçısıyıq, bu gözəl abidə açıldı. Sizə təşəkkür edirik, çox sağ olun.

X X X

Sonra abidənin müəllifi, Xalq Rəssamı, heykəltəraş Ömər ELDAROV çıxış edərək dedi:

-Möhtərəm Prezident, hörmətli xanımlar və cənablar.

Mən çox danışmayacam, ona görə ki, cənab Prezident və çıxış edənlər çox qiymətli fikirlər söylədilər. Mən yalnız bir epizodu xatırlamaq istəyirəm. 1947-ci, ya da 1948-ci il idi. Leninqradda Dirijorların Ümumittifaq Müsabiqəsi keçirildi. Niyazi həmin müsabiqənin qaliblərindən biri oldu. O vaxt Niyazi Filarmoniyadakı dinləyicilərə ən mahir və gözəl dirijorlardan biri kimi təsir bağışladı.

Mən Niyazini son illərdə onun abidəsi üzərində işləyərkən daha yaxından tanıdım. Sərgi üçün Niyazinin portretini hazırlayırdım. Niyazi artıq dünyasını dəyişəndən sonra bu kompozisiya abidənin əsasını təşkil etdi. Mənə belə gəlir ki, onun bütün başqa keyfiyyətlərindən əlavə, mən ömrümdə Niyazidən daha qəşəng, daha mahir dirijor görməmişəm, axı mən heykəltəraşam, hər şeyi vizual qəbul edirəm. Onun necə hərəkət etməsini, musiqiyə necə qaynayıb-qarışmasını mən bu abidədə müəyyən dərəcədə çatdırmağa çalışmışam. Diqqətinizə görə sağ olun.

X X X

Qeyd edək ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.

Dövlətimizin başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10