İlham Əliyevin Fransa Milli Assambleyasının sədri ilə görüşü olub

14 mart 2017, 20:20

Prezident İlham Əliyevin Parisdə Fransa Respublikası Milli Assambleyasının sədri Klod Bartolon ilə görüşü olub.

Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Klod Bartolon qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Klod Bartolon birgə foto çəkdirdilər.

Klod Bartolon Azərbaycan Prezidenti İlham Əliyevi Milli Assambleyada görməkdən şad olduğunu bildirdi. O, bir neçə il əvvəl Milli Assambleyada xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşlərini xatırlatdı. Milli Assambleyanın sədri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, belə səfərlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirdi. Azərbaycan ilə Fransa arasında enerji sahəsində yaxşı əməkdaşlığın olduğunu deyən Klod Bartolon fransız şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə çox yaxşı fəaliyyət göstərdiklərini vurğuladı. Milli Assambleyanın sədri Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını qeyd etdi.

Prezident İlham Əliyev hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirdi. Fransaya rəsmi səfəri çərçivəsində mühüm sənədlərin imzalanacağını deyən Prezident İlham Əliyev MEDEF-in üzvləri ilə keçirdiyi görüşün səmərəli olduğunu, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye sahələrində əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırlatdı. Fransız şirkətlərinin Azərbaycan ilə səmərəli əlaqələr qurduğunu deyən dövlətimizin başçısı Azərbaycanın da Fransa ilə bir çox sahələrdə yaxşı əməkdaşlıq etdiyini söylədi. Dövlətimizin başçısı Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün səylə çalışdığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında mədəni sahədə də çox güclü əməkdaşlığın olduğunu, Azərbaycanda Fransız Liseyinin və Universitetinin fəaliyyət göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın 10-dan artıq regionunun Fransa regionları ilə qardaşlaşdığını vurğuladı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən Azərbaycan Prezidenti münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı. İyirmi beş ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərinin nəticəsiz qaldığını deyən Prezident İlham Əliyev qurumun həmsədri kimi Fransanın münaqişənin həllində daha fəal olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı İlham Əliyev Fransa Milli Assambleyasının sədri Klod Bartolonu Azərbaycana səfərə dəvət etdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45