Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına

20 dekabr 2017, 14:15

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan memarlarının XIX qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsini bəzəyən və qədim Şərq memarlığının mühüm nailiyyətlərini özündə əks etdirən möhtəşəm abidələrlə zəngindir. Ənənəvi memarlığın başlıca prinsiplərinə sadiq istedadlı sənətkarlarımız bu əsərləri yaradarkən təbiətlə ahəngdarlığın qorunmasını həmişə diqqətdə saxlamışlar.

Milli sərvətimiz İçərişəhər ölkəmizin ərazisində yüzillər bundan əvvəlki şəhərsalma sənətinin parlaq təzahürüdür. Burada ucaldılmış və müasirlik ruhunu indiyədək qoruyub saxlamış Qız qalası doğma Bakının qədim rəmzlərindəndir. Orta əsr şəhər mədəniyyətini təcəssüm etdirən Şirvanşahlar sarayı kompleksi mühəndis-memarlıq həllinin kamilliyinə görə bu gün də heyranlıq doğurur. Fəxr edirik ki, dünya memarlığı xəzinəsində memarlıq sənətimizin qiymətli nümunələri vardır.

Bizim memarlıq irsimiz öz tarixinin bütün mərhələlərində ardıcıl uğurlu yaradıcılıq axtarışlarının nəticəsi olaraq və milli memarlıq baxımından düzgün həllini tapmış sənət inciləri ilə davamlı surətdə zənginləşmişdir. Qədimliklə müasirliyi özündə birləşdirən Bakıda Avropa və Şərq memarlığının sintezi əsasında ucaldılmış yaraşıqlı binalar sırasına daimi yeniləşmə rəmzi kimi modern üslublu nadir memarlıq abidələrinin əlavə edilməsi təkrarsız görkəmə malik paytaxtımızın panoramını daha da dolğunlaşdırır.

Müstəqillik illərindəki çoxsaylı möhtəşəm tikililər sayəsində regionlarımızın memarlıq mənzərəsi dəyişərək yeni şəkil almışdır. Memarlarımız böyük quruculuq yolunda inamla irəliləyən Azərbaycanın inkişafına töhfələr vermiş, şəhər və qəsəbələrimizin mənzərəsini ildən-ilə daha da gözəlləşdirən, küçə və meydanlarımızı bəzəyən dəyərli əsərlər meydana gətirmişlər. Onlar bu gün də yeni yaradıcılıq uğurları ilə yanaşı, tarixi-mədəni irsimizin bərpası və gələcək nəsillər üçün qorunub saxlanılmasında bilik, qüvvə və bacarıqlarını əsirgəmirlər.

İnanıram ki, qurultayınızda şəhərlərimizin memarlıq görkəminin milli özünəməxsusluğu, tariximizə və mədəniyyətimizə uyğunluğu barədə səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, ölkə memarlığının gələcək inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunacaqdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2017-ci il.

SƏNƏDLƏRSərəncamlar18 may 2018
18:35
Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azə...

18 may 2018, 18:35
XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı18 may 2018
16:30
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzaki...

18 may 2018, 16:30