8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik

06 mart 2018, 18:10

Hörmətli xanımlar!

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər arzulayıram.

Sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri vardır. Ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir.

Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olmuşlar.

Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz.

Bayramınız mübarək olsun!


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45