Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 mart 2018, 18:33

İqtisadiyyatın əsas seqmentlərindən biri olan nəqliyyat sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun yenidən qurulmuş, yol qovşaqları, körpülər, keçidlər tikilmiş, eyni zamanda, ölkənin tranzit potensialının artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilmiş, vaqon parkı və qatarlar yenilənmişdir.

Dəmir yolu ilə sərnişindaşımaların həcminin və keyfiyyətinin artırılması, qatarların sürətli və təhlükəsiz hərəkətinin təmin olunması üçün görüləcək tədbirlər sırasında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən işlər çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində qeyd edilən işlərin icrası ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə zəruri tədbirlər görsün;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi işlərinin həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45