10 aprel 2018, 12:45

Musa Əzizov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz kəlbəcərlilər Sizin diqqət və qayğınızı hər zaman hiss etmişik. Aprelin 2-də Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunması ilə bağlı verdiyiniz Sərəncam Kəlbəcər elinə, rayon ağsaqqallarına və Dədə Şəmşir irsinə olan diqqət və qayğınızın növbəti bariz nümunəsidir. Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, zəngin şeriyyəti və ustalığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir həmişə yüksək qayğı ilə əhatə olunub. Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib.

Dədə Şəmşir qələmə aldığı nümunələrdə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb. Kəlbəcərin Ermənistan tərəfindən işğalı günündə belə bir Sərəncamın verilməsi Sizin rayonumuza və kəlbəcərlilərə olan diqqətinizdən irəli gəlir. Biz ağsaqqallar və rayon əhalisi inanır ki, Sizin rəhbərliyinizlə başlayan böyük qayıdış bizi mütləq Kəlbəcərə aparacaqdır. Dədə Şəmşir ocağı yenidən neçə-neçə el sənətkarı yetişdirəcəkdir.

Cənab Prezident, rayonumuzun ağsaqqalları adından Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin siyasətiniz bizi tezliklə doğma Kəlbəcərimizə qaytaracaq. Kəlbəcər yenidən saz-söz sənətinin beşiyinə çevirəcəkdir. Sizə bir daha təşəkkür edirik. Allah Sizi qorusun. Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik.

Hörmətlə,

Əzizov Musa

Qələndərov Əli

Musayev Saday

Səlimov Surxay.

Azərbaycan Respublikası, Gəncə şəhəri.