İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

12 aprel 2018, 10:50
İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlətimizin başçısını səmimi qəlbdən təbrik etdi və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. Təmsil etdiyi təşkilatın önəminə toxunan Rəşid Əlimov bildirdi ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir və təşkilatın dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Qonaq onu da xüsusi qeyd etdi ki, təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirən Rəşid Əlimov bu əlaqələri alqışladıqlarını qeyd etdi. Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyanın bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirdi. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını dedi. Qonaq seçki məntəqələrində istənilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkildə olduğunu müşahidə etdiklərini bildirdi. Seçki komissiyalarının üzvlərinin böyük peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov məntəqələrdə əhalinin bütün təbəqələrinə yüksək diqqət göstərildiyini dedi. O, digər seçki missiyaları nümayəndələrinin də hər hansı bir seçki məntəqəsində ciddi qanun pozuntusunun qeydə alınmadığını söylədiklərini də vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirdi ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilmişdir. Bir daha inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Rəşid Əlimov dedi: “Sizə və dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan inkişaf edir, şəxsən Siz hər bir Azərbaycan vətəndaşının rifahı naminə qayğı göstərirsiniz. Seçicilərlə apardığımız söhbətlər bir daha göstərdi ki, insanlar gələcəyi Sizinlə görürlər”.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini məmnunluqla vurğuladı. Ölkəmizlə təşkilatın bütün üzv dövlətləri arasında konstruktiv, dostluq münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin tarixi keçmişə əsaslandığını, ümumi tarixə və maraqlara söykəndiyini dedi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdığını qeyd edən Prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməsinin önəmini qeyd etdi və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda, əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizin bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü dedi. Dövlətimizin başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirdi və qeyd etdi ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılmışdı. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04