23 aprel 2018, 14:00

Firudin Abbasovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

İlk növbədə, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, günəşli Azərbaycanımızın inkişafı naminə apardığınız çətin və şərəfli işlərdə uğurlar arzulayırıq. Qoy xalqımızın Sizə olan inamı və məhəbbəti əbədi olsun!

Möhtərəm Prezident, Azərbaycanın hər bölgəsinə olduğu kimi, Astaramıza da tez-tez etdiyiniz səfərlərin nəticəsi olaraq, imzaladığınız tarixi sərəncamlarınızla çətin relyefli ucqar dağ kəndlərimizə asfalt yollar çəkildi, dənizkənarı park-bulvar salındı, yaraşıqlı məktəb binaları, xəstəxanalar tikildi. Rayonumuza, qəsəbə və kəndlərimizə qaz xətlərinin çəkilişi, elektrik təsərrüfatın yenidən qurulması, içməli və suvarma suyu problemlərinin həlli, körpülərin qoyulması, kənd təsərrüfatının inkişafına dəstəyiniz, bölgələrdə sənaye məhəllələrinin, toxuculuq, xalçaçılıq, tikiş fabriklərinin açılması, gənclərin işlə təminatı istiqamətində görülən işlər xalqa olan diqqət və qayğınızın nəticəsidir.

Sizin diqqət və qayğınız ilə bizim kəndlərimizin də problemləri zaman-zaman həllini tapır. Yaşadığım Tüləgüvan kəndində məktəb binasının tikilməsi, hər bir evə qaz xəttinin çəkilişi, Pensər çayının üzərində Tüləgüvan–Şəmətük kəndlərini birləşdirən körpünün tikilməsi, hazırda isə Ojəkəran-Tüləgüvan-Təngərüd kəndlərini birləşdirən 11 kilometrlik yolun tikintisinə başlanılması kənd sakinlərinin böyük sevincinə səbəb olub və bütün bu görülən işlər Sizin ucqar kəndlərimizə olan diqqət və qayğınızın bariz nümunəsidir. Kəndimizi magistral asfalt yolla birləşdirən bu yol əhalinin sitrus meyvələrini bazara rahatlıqla çıxarılmasına da imkan verəcək.

Bir daha bu diqqət və qayğıya görə Sizə Tüləgüvan kənd sakinləri adından dərin ehtiram və minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz inanırıq ki, Azərbaycan növbəti illərdə də Sizin rəhbərliyinizlə daha da çiçəklənəcək, inkişaf edəcək, güclənəcək, ərazi bütövlüyünü bərpa edəcək, vətəndaşlarımızı düşündürən məsələlər həllini tapacaqdır. Bir daha Sizə müstəqil Azərbaycanımızın işıqlı sabahları naminə həyata keçirəcəyiniz siyasətdə uğurlar arzulayırıq.

Tüləgüvan kənd sakinləri adından

Hörmətlə,

Abbasov Firudin Şərif oğlu

tarix müəllimi

Azərbaycan Respublikası, Astara rayonu, Tüləgüvan kəndi.