12 may 2018, 12:00

Rəhimə Baxışovadan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında imzaladığınız Sərəncamda adımı görəndə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Mən uzun illərdir ki, bu sənətlə məşğul oluram. Xalça toxumağı nənəmdən, anamdan öyrənmişəm. Amma indiyədək heç vaxt xalçaçılara belə qayğı göstərildiyinin şahidi olmamışam.

Cənab Prezident, Quba qədim xalçaçılıq ənənələri olan bölgələrimizdən biridir. Tarixən bu bölgədə Quba qrupuna aid orijinal Azərbaycan xalçaları toxunub. Sizin Qubada yaratdığınız xalça emalatxanası bu bölgənin xalçaçılarının hədsiz sevincinə səbəb olub. Bu emalatxanada indi qədim çeşnilərimiz əsasında xalçalar toxunur. Sizin qayğınızla xalçaçılığın əvvəlki şöhrəti özünə qaytarılır, bu qədim sənət yaşadılır. Siz xalçaçılığa ikinci həyat vermiş böyük dövlət xadimisiniz. İndi mən qürurla Sizin Sərəncamınızla rayonumuzda yaradılan xalça emalatxanasını, “Tərəqqi” medalımı gənclərə göstərib deyəcəyəm ki, bizim göz nurumuza, əl əməyimizə yüksək qiymət verən qayğıkeş Prezidentimiz var.

Əziz Prezidentim, xalçaçılığın inkişafına göstərdiyiniz böyük diqqət və qayğıya, məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bu sənətin yaşadılması, gənc xalçaçıların yetişdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Hörmətlə,

Baxışova Rəhimə.

Azərbaycan Respublikası, Quba rayonu.