12 may 2018, 13:00

Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizə - Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin yaxın dostuna, ulu öndər Heydər Əliyevin layiqli davamçısına mayın 9-da imzaladığınız Sərəncamla mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə ölkəmizin teatr xadimləri adından və şəxsən öz adımdan sonsuz təşəkkürümü bildirim.

Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq fəaliyyətinizi onun qurduğu müstəqil Azərbaycanın tərəqqisi və inkişafı naminə davam etdirir, hər an Ulu Öndərin prinsiplərinə sadiq qalırsınız. Bu şərəfli və məsuliyyətli yolda Sizə böyük uğurlar arzulayır, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərə görə dərin minnətdarlığımı bildirirəm.

Sizi əmin edirəm ki, Prezident təqaüdü və Prezident mükafatı ilə təltif olunan aktyor və rejissorlar, habelə incəsənətin digər sahələrində fərqlənən sənətçilər bu diqqət və qayğınızdan ruhlanaraq daha böyük yaradıcılıq uğurları qazanmağa çalışacaq, istər ölkə daxilində, istərsə də Azərbaycanın hüdudlarından kənarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Dərin hörmət və ehtiramla,

Azər Paşa Nemətov professor, Xalq Artisti,

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.