12 may 2018, 13:45

Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 9 may 2018-ci il tarixli Sərəncamınız bizim kollektivi böyük sevincə qərq etdi. Çünki mükafat alan incəsənət xadimləri arasında bizim kollektivin də iki nümayəndəsi var.

Sizin Azərbaycan mədəniyyəti və incəsənətində xidmətləri olan sənət adamlarına müstəsna diqqət və qayğınız, onları daim müxtəlif fəxri adlar, təqaüdlərlə təltif etməyiniz, onlara hər cür maddi və dəstək verməyiniz sənət sahəsində çalışan insanlar və sənətsevərlər üçün böyük sevincdir.

Cənab Prezident, qədim və zəngin keçmişə malik Azərbaycan mədəniyyəti, eləcə də milli teatr sənətimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqəti sayəsində özünün şanlı inkişaf tarixini yaşadı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra da biz sənət adamları dahi liderimizin böyük sənət sevgisinin və qayğısının canlı şahidi olduq. Ulu Öndərin mütərəqqi ideyalarının layiqli davamçısı olaraq bundan əvvəlki müvafiq fərman və sərəncamlarınızı da xatırlayaraq “Yuğ” Dövlət Teatrının kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir və bundan sonrakı fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Əhmədzadə Rəşad, Əməkdar Mədəniyyət İşçisi,

“Yuğ” Dövlət Teatrının direktoru.