İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

15 may 2018, 10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Rene Van der Linden dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Rene Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nəzərdə tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışdı.

Prezident İlham Əliyev görülən işlərin önəmini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.