“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

25 iyun 2018, 19:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16; 2005, № 4, maddə 278, №8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr 1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, № 4, maddə 265; 2013, № 3, maddə 216; 2014, № 2, maddə 79, № 11, maddə 1359) aşağıdakı dəyişikliklər edilsin:

1. 31.3-cü maddə üzrə:

1.1. birinci cümlədə “Bu maddədə müəyyən olunmuş” sözləri “Aşağıda göstərilən” sözləri ilə, cümlənin sonunda isə nöqtə işarəsi iki nöqtə işarəsi ilə əvəz edilsin;

1.2. ikinci cümlə ləğv edilsin.

2. Aşağıdakı məzmunda 31.3-1-ci maddə əlavə edilsin:

“31.3-1. Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il.