Azərbaycan və Çexiya prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

05 aprel 2012, 17:15
Azərbaycan və Çexiya prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

Praqada Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun birgə mətbuat konfransı olmuşdur.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

Çexiya Prezidenti ötən ilin mayında Azərbaycana səfərini xatırlayaraq bildirdi ki, iki ölkə arasındakı münasibətlər bir çox sahələrdə intensiv inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya Prezidenti Vatslav KLAUS dedi:

- Eyni zamanda, onu bildirmək istəyirəm ki, biz görüşümüz zamanı ölkələrimizin daxili siyasi vəziyyəti haqqında bir-birimizə məlumat verdik. Həmçinin məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bir çox beynəlxalq məsələlərlə bağlı mövqelərimiz üst-üstə düşür.

Yekun olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının cənab Prezidentini əmin etdim ki, biz Çexiya Respublikası olaraq Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayırıq. Bu baxımdan xüsusilə də Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində biz dəstəyimizi verəcəyik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq.

X X X

Çexiyaya səfərə dəvətə görə Prezident Vatslav Klausa minnətdarlığını bildirən Prezident İlham ƏLİYEV ölkələrimiz arasında əlaqələrin getdikcə genişləndiyini diqqətə çatdıraraq dedi:

- Mən çox şadam ki, Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir.

Keçən il Sizin ölkəmizə dövlət səfəriniz və səfər zamanı apardığımız danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən etmişdir. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Bu gün imzalanan sənədlər mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.

Bu gün, eyni zamanda, regional məsələlərlə, regional təhlükəsizlik məsələləri ilə bağlı biz Sizinlə çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə də diqqət ayrıldı. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri də açılacaqdır.

Bir daha bu dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun.

X X X


Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

Çexiya radiosunun müxbiri DOROZİN: Mənim ilk sualım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevədir. Biz bilmək istərdik ki, Azərbaycanda, Azərbaycan iqtisadiyyatında Çexiya şirkətləri üçün hansı sərmayə imkanları vardır. Ticarət dövriyyəsinə gəldikdə, bilirik ki, hazırda bu, o qədər də ürəkaçan deyildir.

Prezident Vatslav KLAUS: Bildirmək istəyirəm ki, biz cənab Prezidentlə söhbətimiz zamanı bu məsələni təfərrüatı ilə müzakirə etdik. Söhbət məhz Çexiya şirkətlərinin Azərbaycanda sərmayə qoymaq və ümumiyyətlə, fəaliyyət göstərmək imkanlarından gedir. Biz məmnunluqla qeyd etdik ki, bundan sonra xüsusi, birgə layihələrin həyata keçirilməsi imkanları mövcuddur, ticarət imkanlarımız da genişləndirilməlidir. Xüsusən də Çexiya şirkətləri mühəndis işlərinin aparılması sahəsində işləyə bilər.

Siz burada, həmçinin ticarət balansına toxundunuz. Mən demək istəyirəm ki, ümumiyyətlə, bu, elə də mütləq deyildir ki, ölkəmizin dünyada bir çox ölkələrlə olan ticarət dövriyyəsi məhz bizim xeyrimizə olsun, yaxud da müsbət istiqamətdə getsin. Əgər fikir versək, bugünkü rəqəmlərə baxsaq görə bilərik ki, Çexiya Respublikasının idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan Respublikasının neftidir. Bu, təbii olaraq, ticarət balansının məhz Azərbaycanın xeyrinə daha çox olduğunu göstərir. Mən bunu tamamilə məntiqi hesab edirəm.

Prezident İlham ƏLİYEV: Əlavə edə bilərəm və Sizinlə razıyam ki, aramızda olan ticarət dövriyyəsi hər iki ölkənin iqtisadi potensialını əks etdirmir. Ancaq dinamikaya baxdıqda görərik ki, son bir il ərzində ticarət dövriyyəsi bir neçə dəfə artmışdır.

Mən bu gün söhbət əsnasında qeyd etdim ki, biz Çexiya şirkətlərini Azərbaycanda görmək istəyirik və onların uğurlu fəaliyyəti - istər investor, istər kontraktçı kimi fəaliyyəti üçün lazım olan şəraiti yaratmağa hazırıq.

Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilir və Çexiya şirkətlərinin çox gözəl iş təcrübəsi, çox gözəl nüfuzu vardır və biz onları tərəfdaşlarımız arasında görmək istəyirik. Əminəm ki, bu səfərin gözəl nəticələrindən biri də məhz bu olacaqdır.

Azərbaycan Televiziyasının müxbiri Yunis ORUCOV: Sualım cənab Çexiya Prezidentinədir. Cənab Prezident, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 20 ildən çoxdur ki, davam edir. Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhə və təhlükəsizliyə ciddi maneədir. Çexiya bu münaqişənin nizamlanması perspektivlərini necə görür?

Prezident Vatslav KLAUS: İcazə verin, mən sizin sualınıza belə cavab verim. Ümumiyyətlə, bu məsələ bizim söhbətimiz zamanı təbii ki, müzakirə olundu. Lakin məhz münaqişəyə gəldikdə və onunla bağlı olan vəziyyət hələ mənim ötən il Bakıya səfərim çərçivəsində müzakirə edilmişdir. Biz məsələ ilə bağlı mövcud vəziyyəti yenidən bir daha müzakirə etdik.
İcazənizlə, mən aydın şəkildə sizə bəyan edim. Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm.

“Pravo” qəzetinin müxbri ŞVETS: İcazənizlə, mənim sualım hər iki Prezidentədir. Sizin görüşünüz zamanı Suriya ilə bağlı məsələ müzakirə edildimi? Bilirik ki, hazırda beynəlxalq sülh və təhlükəsizlik məsələləri sırasında məhz həmin məsələ də dayanır. Xüsusi olaraq mən cənab Prezident Əliyevdən soruşmaq istərdim ki, Suriya məsələsi ilə bağlı Sizin mövqeyiniz nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Əlbəttə, bu məsələ də müzakirə edildi. Çünki qeyd etdiyim kimi, söhbət əsnasında biz beynəlxalq məsələlərə də geniş şəkildə toxunduq. Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz vardır. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləmişdir və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynamışdır. Eyni zamanda, biz bəyan etmişdik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcəkdir və günahsız insanların qırılması dayandırılacaqdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) müxbiri Albina ATLIXANOVA: Mənim sualım Çexiya Prezidentinədir. Cənab Prezident, Çexiya Avropa İttifaqının üzvü, həmçinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ideyasının təşəbbüskarlarından biridir. Azərbaycan-Çexiya münasibətlərini Avropa İttifaqı-Azərbaycan çərçivəsində əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz? Çox sağ olun.

Prezident Vatslav KLAUS: Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, əvvəlcə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı müsbət bir layihədir. Biz həmin layihənin yaradıcılarından biriyik. Eyni zamanda, bildirmək istəyirik ki, Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə etmişdir. Biz də Azərbaycanın mövqeyini alqışlayırıq ki, bu çərçivədə aparılan əməkdaşlığa müsbət yanaşır. Əgər nəzər yetirsək görərik ki, ümumiyyətlə, tərəfdaşlıq bu proqramın adındadır. Bundan irəli gələrək bu, o deməkdir ki, proqramın məhz məqsədi tərəfdaşlıq aparmaqdır, tərəfdaşlığın baş tutması üçün bütün lazımi şəraitlərin yaradılmasıdır. Bu baxımdan biz görürük ki, bu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. Biz Azərbaycanın bu sahədə mövqeyini bilirik. Əminik ki, Azərbaycan bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcəkdir. Biz Azərbaycanın bu sahədə mövqeyini dəstəkləyirik. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04