İradə Qarayevadan, Goranboy, Azərbaycan
13 mart 2013, 17:00
Möhtərəm Prezident!
Sizin qayğınız nəticəsində ölkəmizdə məcburi köçkünlərin yaşayış səviyyəsi yaxşılaşmış, onların mənzil-məişət və başqa problemləri həll edilmiş, yoxsulluq səviyyəsi xeyli aşağı düşmüşdür. Xocalının işğalından sonra biz Goranboy rayonunun Əlirzalı kəndində məskunlaşmışıq. Başqa yerlərdə olduğu kimi, Goranboy rayonunda da məcburi köçkünlərin problemlərinə böyük diqqət yetirilir. Onların rahatlığı üçün bir sıra tədbirlər görülmüş, rayon mərkəzində məcburi köçkünlər üçün tikilmiş yaşayış binaları qazlaşdırılmış, digər yaşayış məntəqələrinə, o cümlədən yaşadığımız Əlirzalı kəndinə yeni qaz xətti çəkilmişdir. Novruz bayramı ərəfəsində isə ailəmizə daha bir sevinc nəsib oldu. Müraciətimdən sonra mən məktəbdə işlə təmin olundum.
Hörmətli cənab Prezident, Siz torpaqlarımızın işğaldan azad edilməsi üçün yorulmadan çalışırsınız. Artıq dünyanın bəzi ölkələri ermənilərin Xocalıda törətdikləri cinayəti soyqırımı kimi tanımışdır. Bizim haqq işimizə tərəfdar çıxanların sayı durmadan artır. Bütün məcburi köçkünlər qəti əmindirlər ki, tezliklə doğma torpaqlarına qayıdacaqlar.
Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə Xocalı rayonundan olan məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
Qarayeva İradə.
Azərbaycan Respublikası, Goranboy rayonu, Əlirzalı kəndi.