Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

20 oktyabr 2010, 15:09
Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

Bir daha demək istəyirəm ki, ilin sonuna iki ay vaxt qalıb. Qalan məsələlərin hamısı bu aylar ərzində öz həllini tapmalıdır. Bütün investisiya, infrastruktur layihələri başa çatdırılmalıdır. Əminəm ki, 2010-cu ilin yekunları Azərbaycan üçün uğurlu olacaqdır. Makroiqtisadi vəziyyət sabitdir, bu barədə mən rəqəmləri gətirdim. Bir daha demək istəyirəm ki, inflyasiyanın 5,2 faizlik səviyyəsi qənaətbəxşdir. Ancaq bununla bərabər, biz ciddi nəzarət etməliyik ki, qiymətlərin süni şəkildə qaldırılmasına yol verilməsin və beləliklə inflyasiyanın səviyyəsi aşağı səviyyədə saxlanılsın. Bu sahədə işlər aparılır. İstehlak bazarına nəzarət işi təkmilləşir və bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Manatın məzənnəsi Azərbaycanda sabitdir. Bu da həm iqtisadiyyatımızı gücləndirir, eyni zamanda, sosial məsələlərin həlli üçün də çox mühüm rol oynayır. Keçən il MDB məkanında əksər hallarda milli valyutalar devalvasiyaya uğramışdır. Bu addım bəzi ölkələrdə zərurət nəticəsində atılmışdır. Çünki ölkələrin iqtisadiyyatı böhrana davam gətirə bilmirdi və milli valyutaların devalvasiyası bir növ insanların rifahı hesabına baş vermişdir. Böhrana baxmayaraq, biz Azərbaycanda manatın sabit vəziyyətdə saxlanmasına nail olduq. Müəyyən iqtisadi çətinliklərlə üzləşmişdik, ancaq ilk növbədə, sosial məsələlərin həllinə çalışırdıq. Biz imkan verə bilməzdik ki, böhran insanların gündəlik həyatında özünü göstərsin. Ümumiyyətlə, 2009-cu ilin böhranı Azərbaycana çox az təsir göstərmişdir. O ki qaldı vətəndaşlara, demək olar ki, ümumiyyətlə Azərbaycan vətəndaşları bu böhranı hiss etməmişlər. İlk növbədə ona görə ki, biz manatı sabit şəkildə saxladıq. Bunu etmək üçün əlbəttə ki, maddi resurslarımız və bununla bərabər, güclü siyasi iradə olmalıdır. Hazırda manatın məzənnəsi bizi qane edir və əminəm ki, manat güclü valyuta kimi gələcək illərdə də Azərbaycan iqtisadiyyatının və sosial məsələlərin həlli üçün öz rolunu oynayacaqdır.

Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə inkişaf etmiş iqtisadiyyat hesab oluna bilər. Hər halda Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerdədir. Bu onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər investisiya şəklində iqtisadiyyatın digər sektorlarına qoyulmuşdur. Digər tərəfdən, bu sahədə tam şəkildə şəffaflıq göstərilmişdir. Biz buna da nail ola bildik. Çalışmalıyıq ki, bütün maliyyə və iqtisadi sektorlarda işlər neft gəlirlərinin idarə edilməsi sahəsindəki uğurlara bərabər səviyyədə təşkil olunsun. Belə olan halda Azərbaycanda, ümumiyyətlə, iqtisadi və maliyyə sektorlarında həm şəffaflıq 100 faiz təmin olunacaq, eyni zamanda, işlərimizin daha da səmərəli şəkildə aparılması üçün şərait yaradılacaqdır.

Rəqabət qabiliyyətliliyin yüksək səviyyədə saxlanılması üçün Azərbaycanda bütün imkanlar vardır. Biz iqtisadi sahədə liberal siyasət aparırıq. Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir. Xüsusilə son vaxtlar Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında imzalanmış yeni kontraktlar bunu göstərir ki, Azərbaycanda bu sahəyə xaricdən maraq artmaqdadır. Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə investisiyalar qoyulur və biz bunu hər gün görə bilərik. Bakının müasirləşən, gözəlləşən siması bunu göstərir. Özəl şirkətlər tərəfindən həm infrastruktur, həm xidmət sektoruna çox böyük investisiyalar qoyulur. Əgər infrastruktur layihələri dövlət tərəfindən icra olunmasaydı, əlbəttə ki, nə paytaxtda, nə də bölgələrdə xidmət sektoruna heç kim investisiyalar qoymazdı. Bu gün bizim bölgələrdə beşulduzlu hotellər, gözəl istirahət mərkəzləri tikilir. Bölgələrimizdə turizm imkanları çox genişdir. Bu gün artıq gözəl təbii şəraitimiz, təbiətimiz səviyyəsində müasir istirahət və mehmanxana kompleksləri tikilir ki, bu, Azərbaycanın turizm imkanlarını böyük dərəcədə artıracaqdır.

Beləliklə, dövlət tərəfindən özəl sektora verilən həm siyasi, həm maddi dəstək, həm də güzəştli şərtlərlə ayrılan kreditlər - bütün bunlar iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyini artırır və şaxələndirilməsi üçün çox möhkəm əsas yaradır. Xatırlayıram, 5-10 il bundan əvvəl bəzi xarici elmi mərkəzlərdə Azərbaycanın neft strategiyası ilə bağlı keçirilmiş müzakirələrdə belə bir fikir ortaya qoyulurdu ki, Azərbaycanda “holland sindromu” olacaq, Azərbaycan iqtisadiyyatı birtərəfli şəkildə inkişaf edəcək, Azərbaycan o təbii resurslardan səmərəli şəkildə istifadə edə bilməyəcəkdir. Mən o söhbətləri yaxşı xatırlayıram və çox şadam ki, bu gün biz artıq o söhbətləri eşitmirik. Biz o vaxt da bilirdik ki, Azərbaycanda nə “holland sindromu” olacaq, nə də iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Biz bilirdik ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ən yüksək səviyyədə idarə olunacaqdır. Məhz bu məqsədlə Azərbaycan Hasilat Sənayelərində Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Bu gün Neft Fondunun icraçı direktoru söylədi ki, biz bu sahədə birinci ölkəyik ki, proqramın tamhüquqlu üzvlük səviyyəsinə nail olmuşuq. Biz bunu təkcə xarici mərkəzlərdə keçirilən müzakirələrdə yaxşı qiymət almaq üçün etmirik. Biz bunu ona görə edirik ki, bu, ölkəmizi gücləndirir.

Bu gün Azərbaycan cəmiyyətində bu sahədə olan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Azərbaycanda bu sahədə tam şəkildə şəffaflıq təmin edilib. Hər bir vətəndaş bilir və yaxud bilə bilər ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib, bu gəlirdən nə qədər faiz gəlib üstünə, nə qədər xərclənib, necə xərclənib. Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə yalnız parlamentdə müzakirələrdən sonra mümkündür. Bu da o deməkdir ki, hər bir vətəndaş onun parlamentdəki nümayəndəsi vasitəsilə bu gəlirlərin bölüşdürülməsində iştirak edir.

Bax, biz şəffaflığı təmin etməklə bugünkü vəziyyətə nail olduq. Bizim gəlirlərimiz artır. Əgər şəffaflıq olmasaydı, mən deyə bilərəm ki, bu gün bu 28 milyard dollar valyuta ehtiyatlarımızı bəlkə də heç görməzdik. Ancaq şəffaflıq və vəsaitdən səmərəli şəkildə istifadə olunması imkan verdi ki, biz bu ehtiyatı yaradaq. Gələcək illərdə bu ehtiyat daha da böyük həcmlərlə ölçüləcəkdir. Vəsaitin idarə olunmasından artıq böyük mənfəət əldə olunur. Təbii ki, vəsaitin həcmi böyüdükcə idarəolunmadan da əldə ediləcək gəlir daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Vaxt gələcək ki, Azərbaycanın dövlət büdcəsinin müəyyən hissəsi, bax, o vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər hesabına formalaşacaqdır.

Beləliklə, biz rəqabət qabiliyyətliliyi məsələlərinə bundan sonra da diqqət göstərəcəyik. Azərbaycanda sahibkarlığın, özəl sektorun inkişafına dövlət tərəfindən dəstək verilir. Hesab edirəm ki, növbəti mərhələdə həm də bu məsələnin sosial amili nəzərə alınmalıdır. Çünki verilən kreditlər iş yerlərinin açılmasına xidmət göstərir, insanların yaşayış səviyyəsini artırır və bu amil daim diqqət mərkəzində olmalıdır. Bununla bərabər, çalışmalıyıq o sahələrə, o firmalara kreditlər daha da çox ayrılsın ki, onlar rəqabət qabiliyyətli məhsulu istehsal edə bilsinlər. Həm daxili tələbatı keyfiyyətli məhsullarla təmin etsinlər, həm də ki, Azərbaycanda ixrac potensialı genişlənsin.

Bununla bərabər və bununla bağlı olan sənaye potensialının inkişafı üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Azərbaycanda sənayeləşmə siyasəti aparılır. Həm dövlət tərəfindən, həm də dövlətin dəstəyi ilə özəl sektor bu işlərə fəal qoşulubdur. İri müəssisələrimiz bərpa olunur. O müəssisələr ki, vaxtilə sovet dovründə tikilib, indi yararsız vəziyyətdədir, onlar sökülür və o ərazilərdə yeni müəssisələr yaradılır. Bu proses xüsusilə Sumqayıt şəhərində çox sürətlə gedir. Sumqayıt vaxtilə kimya sənayesinin inkişafı sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bu gün neft-kimya kompleksinin fəaliyyəti və əlavə planlarımızın həyata keçirilməsi ilə bərabər, Sumqayıt sənaye şəhərinə çevrilməlidir. Sumqayıtda tikilən texnopark bu istiqamətdə atılan ən vacib addımlardan biridir. Orada artıq bir neçə rəqabət qabiliyyətli müəssisə yaradılır. Biz elə etməliyik ki, Sumqayıtı bu istiqamətdə inkişaf etdirək və Sumqayıt Azərbaycanın sənaye mərkəzinə çevrilsin. İndi Bakıdan Sumqayıta yeni gözəl yol çəkilibdir və məsafə demək olar ki, qısalıbdır. Sənaye sahəsinin inkişafı üçün Sumqayıtın xüsusi yeri vardır. Eyni zamanda, Azərbaycanın başqa bölgələrində sənayeləşmə prosesi sürətlə getməlidir.

Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib və bu sahədə böyük işlər görülüb. Mən çox şadam ki, ağacəkmə təşəbbüsüm Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənib. Böyük sevinc hissi ilə deyə bilərəm ki, mənə verilən məlumata görə, 9 ayda Azərbaycanda 6 milyon ağac əkilmişdir. Onlardan 800 mini Bakı və Abşeron yarımadasında əkilmişdir. Bu proses davam edir və əminəm ki, 2011-ci ildə də ekologiya ilə bağlı bütün məsələlər uğurla həll olunacaqdır.

Əlbəttə, biz “Ekologiya ili”nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu gözəl təşəbbüsləri növbəti illərdə davam etdirməliyik.

İndi Kür və Araz çayları boyunca qurulan təmizləyici qurğular yüz minlərlə insanın təmiz su ilə təmin olunmasına xidmət göstərir. Çirklənmiş göllərin, Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin qurulması – bütün bu işlər gələn il də nəzərdə tutulur. Biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək, neftlə çirklənmiş gölməçələri qurudaq. Digər göllərdə, - hansı ki, keçən müşavirədə bu barədə mən geniş söyləmişdim, - təmizlik işləri aparılmalıdır, kanalizasiya sistemi qurulmalıdır. Bir sözlə, bu sahə daim diqqət mərkəzində olmalıdır.

Hesab edirəm ki, Bakı buxtasının təmizlənməsi üçün əlavə ciddi tədbirlər görülməlidir. Biz indi Bakı bulvarını genişləndirdik. Bulvarı dənizə lap yaxınlaşdırdıq. Bu gün Bakı sakinləri və şəhərimizin qonaqları dənizə tam yaxın olan yerlərdə gəzintiyə çıxırlar. Belə olan halda əlbəttə ki, buxtanın suyu təmiz olmalıdır. Əfsuslar olsun ki, bu günə qədər də müxtəlif yerlərdən ora axıdılan çirkab suları buxtanın təmizlənməsinə imkan vermir. Ona görə mən göstəriş verirəm ki, yaxın zamanlarda Bakı buxtasının kanalizasiya məsələləri ayrıca işlənilsin. Mən bu göstərişi bir müddət bundan əvvəl ilkin olaraq vermişdim. Müəyyən hazırlıq işləri aparılmışdır. Elə etməliyik ki, biz gələn ildən başlayaraq xüsusi layihə kimi Bakı buxtasının kanalizasiya sisteminin ən müasir səviyyədə tətbiqinə nail olaq. İşlər gələn ilin əvvəlindən başlamalıdır və tezliklə öz həllini tapmalıdır. Beləliklə, mən əminəm ki, bir neçə ildən sonra bulvarın kənarında, ətrafında Bakı buxtasının suyu tam şəffaf olacaqdır.

Bu il biz böyük təbii fəlakətlərlə, tarixdə misli görünməyən sel və daşqınlarla üzləşdik. Bu həm insanlara böyük əziyyət verdi, böyük ziyan vurdu. Eyni zamanda, kənd təsərrüfatına böyük ziyan dəydi. On minlərlə hektar torpağımız suyun altında qalmışdı, minlərlə ev yararsız vəziyyətə düşmüşdü. Ancaq bizim bütün qurumlar çox yaxşı, çox səmərəli işlədilər. Həm dövlət qurumları, həm özəl şirkətlər bu işlərə qoşulmuşdu. Bu, bir ümumxalq məsələsi kimi qəbul edildi və bütün xoşagəlməz hallara qısa müddət ərzində son qoyuldu. Ən önəmlisi, bütün insanlar xilas edildi. İndi biz görürük, dünyanın müxtəlif yerlərində yanğınlar, daşqınlar, sellər baş verir və bu, insan ölümü ilə nəticələnir. Ancaq biz bütün insanları xilas etdik. Vaxtından əvvəl bütün tədbirlər görüldü və xilasedicilər, bu məsələ ilə bağlı olan bütün qurumlar çox səmərəli işlədilər.

Mən keçən dəfə də demişdim ki, evlərin bərpa prosesi qış gələnə qədər həll olunmalıdır. Bu sahədə işlər gedir. Artıq Hacıqabul rayonunda ilk evlər təhvil verilmişdir. Mən bilirəm ki, başqa rayonlarda da, tikinti işləri gedir. Bu işlər daha da sürətlə getməlidir ki, biz qış gələnə qədər insanları yaxşı evlərlə təmin edək. O da qeyd olunmalıdır ki, tikilən evlər dağılmış evlərdən qat-qat keyfiyyətlidir, genişdir, rahatdır. Dağılmış evlərin böyük hissəsi çiy kərpicdən tikilmişdi. Böyük hissəsi çox kiçik və yararsız vəziyyətdə idi. Həm xarici görünüşü çox bərbad idi, həm də şəraiti yox idi. İndi tikilən evlər daş evlərdir, gözəl evlərdir, bütün şəraiti vardır və əvvəlki evlərdən daha da rahat və genişdir.

Onu da qeyd etməliyəm ki, bütün bu işləri Azərbaycan dövləti öz hesabına etmişdir. Həm də bütün xilasetmə işləri Azərbaycan xilasediciləri tərəfindən görülmüşdür. Bu gün bütün tikinti–bərpa işləri də Azərbaycan dövlətinin hesabına görülür. Bütün bu işlər heç bir yerdən yardım almadan, Azərbaycanın dövlət büdcəsi hesabına görülür. Burada işlər təkcə evlərin tikintisi ilə bitmir. Məktəblər də, yollar da, elektrik və qaz xətləri, su kəmərləri də dağılıbdır. Yəni, bütün infrastruktur yeniləşir və biz bunu bir neçə ay ərzində edirik. Bu, həm böyük texniki məharət, həm də böyük maliyyə resursları tələb edən işlərdir. Dövlət büdcəsinə əlavələr edildi, 300 milyon manat vəsait ayrıldı. Yəni bu, onu göstərir ki, Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz.

Bu, bir də onu göstərir ki, bizim üçün əsas məsələ Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasıdır, Azərbaycan xalqının maraqlarıdır. Biz indi iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qurmuşuq və bu, bizi gücləndirir. Ancaq bununla bərabər, biz öz işimizi tam bazar iqtisadiyyatı prinsipləri əsasında qura bilmərik. Əgər belə olsaydı, əgər biz işlərimizi sırf bazar iqtisadiyyatı əsasında qursaydıq, onda Azərbaycan dövləti o işlərin birini də görə bilməzdi. Xarici ölkələrdə əgər kiminsə evi uçur, yaxud da ki, təbii fəlakət nəticəsində dağılırsa, o, sığorta şirkətinə müraciət edir. Orada bütün evlər sığortalıdır. O, sığorta pulunu alır, dövlət bir manat xərcləmədən kənarda dayanır. Ancaq bizim evlərin hansı sığortalıdır?! O çiy kərpicdən tikilmiş evlərin hansı sığortalıdır?! Ona görə dövlət bu yükü könüllü şəkildə öz üzərinə götürüb. Bir də onu demək istəyirəm ki, dövlət insanlara qayğı göstərir, eyni zamanda, kompensasiya ödənilir. Kompensasiyanın məbləği, hesab edirəm ki, ziyanın müəyyən hissəsini təmin edir. Ona görə bu, sırf dövlətin xoş niyyətinin təzahürü, xoş niyyətinin əlamətidir və hər kəs bunu qiymətləndirməlidir.

Mən bilirəm ki, ziyan çəkmiş insanların mütləq əksəriyyəti bu minnətdarlıq hissi ilə yaşayır və bu da təbiidir. Hesab edirəm, hamı bilməlidir ki, dövlət bunu öz sosial siyasətinin inkişafı və əlaməti kimi edir və edəcəkdir. Xüsusilə qeyd etməliyəm ki, biz bunu soyuqlar düşənə qədər etməliyik ki, hazırda müvəqqəti yerlərdə yaşayan insanlar tezliklə rahat evlərə köçsünlər. Bununla bərabər, bu halların gələcəkdə qarşısının alınması üçün tədbirlər - sahilbərkitmə, suların idarə olunması işləri də görülür və görülməlidir. İndi biz bu işlərə xarici mütəxəssisləri də cəlb etmişik, yerli mütəxəssislər də bu sahədə böyük təcrübəyə malikdirlər. Elə etməliyik ki, gələcəkdə bu bəlalardan özümüzü sığortalayaq. Əminəm ki, buna nail olacağıq.

Bir daha demək istəyirəm ki, növbəti aylarda bütün infrastruktur layihələri davam etdirilməlidir. Yol tikintisi, bu sahədə də böyük uğurlu işlər görülür. Bu yaxınlarda Mingəçevir–Xaldan yolunun bir hissəsinin açılışını qeyd etmişik. Ondan sonra, İpək Yolu demək olar ki, tam hazırdır, müəyyən hissələrdə işlər gedir. Ancaq indi Bakıdan qərb sərhədinə qədər gözəl yol çəkilir. Eyni zamanda, şimal-cənub istiqamətlərində yollar çəkilir, şəhərlərarası yollar, kənd yolları salınır. Bu sahəyə böyük investisiyalar qoyulur və qoyulmalıdır. Biz yola qoyulan vəsaitin nəticələrini regionların inkişafında görürük. Bir neçə ildən sonra Azərbaycanın bütün magistral yolları dünya standartlarına cavab verəcəkdir. Biz şəhərlərarası yollara və xüsusi ilə indiki şəraitdə kənd yollarına diqqət göstərməliyik, çünki bu sahədə hələ çox iş görülməlidir.

Bütövlükdə nəqliyyat sektorunda bütün proqramlar icra edilir. Bakıda Metro tikintisi aparılır. Bu məsələ ilə bağlı yəqin ki, bir müddətdən sonra biz ayrıca müşavirə keçirəcəyik. İşlər gedir və uzunmüddətli proqram hazırlanır. Biz bunu geniş müzakirə etməliyik. Gələn illərin investisiya proqramında metro tikintisinə ayrılacaq xərclər də nəzərə alınmalıdır ki, biz bu işləri maksimum yüksək səviyyədə həll edək. Çünki Bakının əhalisinin sayı artır.

Eyni zamanda, əlbəttə ki, avtomobil yolları da tikilir və genişlənir. Ancaq Bakının sürətli inkişafı metronun da inkişafının təmin edilməsi üçün əlavə tədbirlərin görülməsini diktə edir. Biz bunu etməliyik və edəcəyik.

Yaxın zamanlarda Ələtdə yeni dəniz limanının tikintisinə başlamalıyıq. Bu layihə də çox vacibdir. Əlbəttə, bu gün Azərbaycan ərazisindən keçən yüklər mövcud limanlarla nəql edilir, ancaq biz gələcəyə baxmalıyıq. Biz bilirik ki, Azərbaycan ərazisindən daha da böyük həcmdə yüklər daşınacaqdır. İlkin hesablamalara görə, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində 10 milyon tondan çox yükün nəqli gözlənilir. Gələcəkdə daha da böyük rəqəmlər olacaqdır. Bakının beynəlxalq səviyyədə yeni dəniz limanı tikilməlidir.

Hazırlıq işləri aparılır. Ümid edirəm ki, yaxın zamanlarda biz bu limanın tikintisinə başlayacağıq. Təbii ki, ondan sonra Bakının mərkəzində yerləşən liman köçürüləcək və o ərazi istirahət yerləri üçün nəzərdə tutulur. Bakı bulvarının hər iki tərəfə uzadılması layihəsi vardır. İndiki Bakının dəniz limanı insanların istirahəti, gəzintisi üçün yenidən qurulacaq və beləliklə, şəhərimiz daha da gözəlləşəcəkdir.

Eyni zamanda, Bakı bulvarı digər istiqamətə də genişləndirilməlidir, Bayraq Meydanına qədər. Orada artıq işlər görülür. Bayraq Meydanının ətrafında yeni bulvarlar, parklar, istirahət guşələri salınır. Bu işlər tamamlanandan sonra o hissəni biz əhali üçün açacağıq. Bununla bərabər, indiki Bakı bulvarını Bayraq Meydanı ilə birləşdirmək üçün orada köçürülmələr baş verməlidir. Bu köçürülmələri biz gərək daha da sürətləndirək. Orada bəzi müəssisələr, obyektlər vardır, biz onları köçürdəcəyik. Beləliklə, biz Bakı bulvarını Bayraq Meydanı ilə birləşdirməliyik. Bayraq Meydanından sonra olan hissə üçün də gələcək illərdə ayrıca layihə hazırlanacaqdır. Beləliklə, indiki bulvar bəlkə iki dəfədən də çox böyüyəcək və gözəlləşəcəkdir.

Bakıda yol infrastrukturunun inkişafı üçün tədbirlər görülür. Yol qovşaqları, tunellər, körpülər tikilir. Bu, Bakıda nəqliyyat probleminin həllinə böyük dərəcədə kömək göstərir. Bu gün Heydər Əliyev adına hava limanından Mərdəkan dairəsinə, - əslində indi o dairə də yoxdur, amma adlar qalıb: “Mərdəkan dairəsi”, “Sabunçu dairəsi”, “Əzizbəyov dairəsi” - onların biri də yoxdur, qalmayıb. Yəni biz canımızı dairələrdən qurtardıq. Dairə əvəzinə müasir tunellər, körpülər, yol qovşaqları tikilir. Amma insanlar hələ köhnə qayda ilə “Mərdəkan dairəsi” deyirlər, o cümlədən də mən. Hazırda aeroportdan Mərdəkan istiqamətinə yol çəkilir. Oradan Bilgəh, Kürdəxanı, Pirşağı və Sumqayıta qədər yeni bir yol, əslində yeni bir arteriya, yeni bir damar açılacaqdır. Bu yol səkkiz və altızolaqlı olacaq, ən yüksək standartlara cavab verəcək və beləliklə, Bakının, Abşeronun o yerlərində yerləşən kəndləri bir-biri ilə, şəhərlə və şimal istiqaməti ilə bağlayacaqdır. Eyni zamanda, orada bildiyiniz kimi, dairəvi yol da tikilir, - cənub və qərb istiqamətini və şəhərə girmədən birləşdirəcəkdir. Bu, böyük bir layihədir. Bu yaxınlarda mən orada işlərin gedişi ilə tanış oldum. Bu işlər qrafik üzrə aparılmalıdır.

İlin sonuna qədər sahibkarlığın inkişafı ilə bağlı qalan kreditlər də paylanmalıdır. Bu sahədə işlər yaxşı gedir. Bu kreditlər işləyir, yeni iş yerləri yaradır. Bu gün ölkə iqtisadiyyatının 82 faizi özəl sektorda formalaşır. Kreditlərin verilməsi, texnikanın, aqrolizinq, gübrə, toxumçuluq məsələlərinin həlli diqqət mərkəzində olmalıdır. Mən toxumçuluğu xüsusilə qeyd etmək istəyirəm, çünki dediyim başqa məsələlərlə bağlı işlər çoxdan gedir. Bu yaxınlarda Yevlaxda olarkən mən yeni toxumçuluq müəssisəsinin – “Azərtoxum”un açılışında iştirak etdim. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda ilk dəfə belə müəssisə yaradılır.

Mənə verilən məlumata görə, təkcə o müəssisə Azərbaycanın toxuma olan tələbatını 15-20 faiz səviyyəsində təmin edəcəkdir. Mən orada göstəriş verdim ki, o müəssisə daha da genişlənsin və Aərbaycanın başqa yerlərində buna bənzər müasir toxumçuluq kombinatları tikilsin ki, biz özümüzü toxumlarla yüz faiz təmin edək. Əgər biz buna nail olsaq, onda kənd təsərrüfatında, bitkiçilik sahəsində heç bir problem qalmayacaqdır. Bunu etmək üçün göstərişlər verildi. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu işlərdə iştirak edəcək, vəsait qoyacaqdır. Elə etməliyik ki, gələn il həm mövcud müəssisənin genişlənməsi, həm də ki, yeni müəssisələrin tikintisi ilə bağlı konkret tədbirlər görülsün.

Soyuducu kameralar tikilir. Hər bir fermer bunun xeyrini görür. Taxıl anbarları tikilir. Yəqin ki, bir-iki ilə bu sahədə də nəzərdə tutulmuş proqramlar başa çatacaq və beləliklə, bu, həm qiymətlərin tənzimlənməsinə xidmət göstərəcək, həm də ki, məhsul xarab olmayacaqdır.

Maldarlıqla, quşçuluqla bağlı ayrıca tapşırıqlar verilmişdir, onlar icra edilir. Quşçuluqda biz hələ tam şəkildə tələbatımızı təmin edə bilmirik. Daxili tələbatı təqribən 70 faiz səviyyəsində təmin edirik. Ancaq ət istehsalında olduğu kimi, 100 faiz təmin etməliyik. İndi konkret layihələr hazırlanır. Ümid edirəm ki, biz bir-iki ilə bu sahədə də tələbatı tam şəkildə təmin edəcəyik. Ölkəyə cins mal-qara gətirlir. Beləliklə, bu sahəyə də böyük təkan verilir.

Mən energetika sahəsi ilə bağlı bir-iki məsələni də qeyd etmək istəyirəm. Birincisi, qazlaşdırma sahəsində müsbət addımlar atılır. Biz elə etməliyik ki, Azərbaycanın 90 faizi qazlaşdırılsın, həm əhali, həm də ki sənaye müəssisələri. Bu, qarşıya bir hədəf kimi qoyulub. Bu istiqamətdə işlər görülür, yeni boru kəmərləri, magistral xətlər çəkilir, kompressor stansiyaları tikilir. Bu, çox vacibdir. Çünki bizim qaz potensialımız artmaqdadır. Bu gün bizdə olan qaz ehtiyatları daxili tələbatdan və xarici ixrac imkanlarından daha da çoxdur. Biz indi yeraltı anbarlara 2 milyard 500 milyon kubmetr qazı doldurmuşuq. Heç vaxt bu olmamışdır. Qaz anbarlarının tutumunu 3 milyard, bəlkə də 5 milyarad kubmetrə çatdırmalıyıq, genişləndirməliyik. Amma biz qazı hər zaman anbarlara doldura bilmərik. Müəyyən həddən sonra o qazı biz ya daha da böyük həcmdə ixrac etməliyik, ya da ki, ondan daxildə istifadə etməliyik. Eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün də qazlaşma çox mühüm rol oynayır. Ona görə qazlaşdırma prosesi daha da sürətlə getməlidir ki, bu işlər keyfiyyətlə və tezliklə həll olunsun.

Bununla bərabər, ixrac imkanlarımızı daha da genişləndirməliyik. 2010-cu ildə bu sahədə çox vacib addımlar atılmışdır. Biz ixrac imkanlarımızı və ixrac coğrafiyasını da genişləndirdik. Mən qeyd etdiyim kimi, Azərbaycan qazı qonşu ölkələrə nəql edilir. Biz buna gələcəkdə daha da böyük həcmdə nail olmalıyıq. Bununla bərabər, ümid edirəm ki, bu gün kəşfiyyat aparılan bloklardan yaxın zamanlarda yaxşı xəbərlər gələcəkdir. Xüsusilə biz “Ümid” yatağından yaxşı xəbərlər gözləyirik. “Ümid” yatağının adı özlüyündə bunu tələb edir. Bu yatağın işlənilməsinin xüsusiyyəti ondan ibarətdir ki, uzun fasilədən sonra Azərbaycan Dövlət Neft Şirkəti kəşfiyyat işlərini öz hesabına və öz gücü ilə aparır, böyük, dərin laylarda qazma işlərini yerinə yetirir. İlkin xəbərlər ümidvericidir. Səbirsizliklə gözləyirik ki, “Ümid” yatağında da böyük kəşfiyyatı görək. Belə olan halda Azərbaycanın qaz potensialı daha da böyük, daha da önəmli olacaqdır. Həm daxili tələbatın təmin edilməsi, həm ixracın həcminin artırılması üçün “Ümid” yatağında gözlənilən kəşfiyyat mühüm bir hadisə olacaqdır.

Bu gün “Azərenerji”nin prezidenti bərpa olunan enerji mənbələrinin layihəsi ilə bağlı görülən işlərlər barədə məlumat verdi. Biz bu sahəyə böyük əhəmiyyət veririk. Biz su mənbələrimizdən, bütün su resurslarımızdan bu məqsədlə istifadə etməliyik. Bu il işlər görülür, təməl daşını qoyduğumuz stansiyalar tikilir. Naxçıvandakı Biləv Su Elektrik Stansiyası böyük hadisədir. O, Naxçıvanın enerji potensialını gücləndirəcəkdir. Gələn il bütün başqa rayonlarda kiçik su elektrik stansiyaları tikilməlidir. Büdcədə kifayət qədər vəsait vardır. Bu vəsaitdən səmərəli şəkildə istifadə etməliyik. Bəzi hallarda işlərin yubanmasına bürokratik əngəllər də problem törədir. Əgər bütün bu bürokratik prosedurlardan biz tezliklə keçə bilsəydik, bəzi hallarda bürokratiya, süründürməçilik, lazım olmayan razılaşdırmalar olmasaydı, xüsusilə, ekologiya sahəsində daha da çox işlər görülə bilərdi. Burada hər şey aydındır, biz bunu etməliyik. Ağac əkmək, yaxud da ki, hansısa çirklənmiş gölü təmizləmək üçün biz indi aylarla icazə, razılaşdırma gözləməməliyik. Bu, aydın məsələdir, Prezident tərəfindən məsələ qoyulub, tezliklə həll olunmalıdır. Özü də indi bizdə texniki imkanlar, peşəkar mütəxəssislər, hər şey vardır. Biz bu məsələlərə vaxt sərf etməməliyik. O cümlədən, bərpa olunan enerji mənbələrinin yaradılması üçün büdcədə vəsait vardır. Ancaq bu vəsaitdən necə istifadə olunub, indi ona baxmaq lazımdır. Məncə biz orada nəzərdə tutulmuş vəsaitin heç 50 faizini də istifadə edə bilməmişik. Belədir. Ona görə bu, dözülməzdir. İl başa çatır. İlin əvvəlindən qarşıya vəzifə qoyulubdur. İndi biz cəmi 3 su elektrik stansiyasında təməl daşını qoyduq. Halbuki, stansiyaların sayı daha da çox ola bilərdi.

Bərpa olunan, yəni günəş enerji növlərinin yaradılması barədə mən ilin əvvəlindən məsələ qaldırdım. Agentlik yaradıldı. Mən başa düşürəm ki, burada təşkilati məsələlər, texniki-iqtisadi əsaslandırma həll olunmalı idi, ancaq il başa çatır. Bizim bir dənə günəş batareyamız var?! Yoxdur. Bir-ikisini mənə göstərdilər, Mərkəzi Seçki Komissiyasının binasının qabağında nümayiş etdirdilər, vəssalam. Mən bilirəm ki, indi Azərbaycanda günəş batareyaları istehsal edəcək zavod tikilməlidir. Zavod tikilməlidir, bu çox gözəl, həm iş yerləri olacaq, həm də ki, yerli istehsal. Amma o vaxta qədər gözləməliyik?! Mən hesab edirəm ki, bu il ərzində müəyyən yerlərdə artıq o günəş batareyalarını quraşdıra bilərdik.

Ona görə hesab edirəm ki, bütün qurumlar bu məsələlərdə daha da operativ olmalıdırlar. Burada idarələr arasındakı bəzi anlaşılmazlığa son qoyulmalıdır. Bu, bizim ümumi işimizdir. Bəzən süründürməçilik, bürokratiya həddindən artıq vaxtımızı alır. Mən istəyirəm ki, hər şey tez həll olunsun, vaxt itirməyək. Xüsusilə, əgər biz bilirik ki, bunu etməliyik. Əgər hansısa tərəddüd, şübhə varsa, əlbəttə ki, məsələ ciddi şəkildə araşdırılmalıdır. Amma ağacı əkmək üçün, yaxud da ki, bir gölü təmizləmək üçün biz nə qədər vaxt itirməliyik və nə üçün?! Ona görə xahiş edirəm ki, bütün aidiyyəti qurumlar nəticə çıxarsınlar və bürokratik əngəllərə son qoyulmalıdır.

Bir daha demək istəyirəm ki, 2010-cu ilin yekunlarını biz gələn il müzakirə edəcəyik. Ancaq indidən demək olar ki, bu yekunlar uğurlu olacaq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10