Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə telefonla zəng etmişdir

10 oktyabr 2013, 15:20

Oktyabrın 10-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Qazaxıstan Prezidenti dövlətimizin başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik etmiş, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.