İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur

24 aprel 2013, 12:05
İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüş iştirakçılarını salamlayaraq dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır və Latviya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bizim aramızda çox yaxşı əməkdaşlıq vardır. Bu əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir. Həm siyasi, həm də iqtisadi əlaqələrimiz inkişafdadır. Beynəlxalq təşkilatlarda da biz çox fəal əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Yəni, iki ölkə arasında heç bir problem yoxdur, yalnız birgə səylərimizi gücləndirib daha da yaxşı əməkdaşlığa nail olmalıyıq. Əminəm ki, səfər zamanı aparılan danışıqlar və keçirilən fikir mübadiləsi bütün məsələlərin həlli üçün yaxşı zəmin yaradacaqdır.

Bir daha xoş gəlmisiniz. 

X X X

Latviya Respublikasının Prezidenti Andris BERZİNŞ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident, bizim nümayəndə heyətimiz burada olmağından olduqca şaddır. Bizim bu səfərə xüsusi marağımız vardır. Marağımız o qədər yüksəkdir ki, biz xüsusi olaraq böyük təyyarəni sifariş etdik. Buraya səfər zamanı və səfərdən öncə mən Sizin ölkəniz haqqında bir çox məlumatları toplamağa başladım. Məhz son 20 il ərzində ölkənizin keçdiyi inkişaf yolunu öyrəndim. Bu, sözün əsl mənasında böyük təəssürat bağışlayır.

Aramızda qurulmuş diplomatik münasibətlərin 20 illiyini bu yaxınlarda qeyd edəcəyik.

Hesab edirəm ki, biz artıq bütün məsələlər üzrə, bütün sahələrdə çox yaxşı münasibətlər qurmuşuq. Bu münasibətlərimiz çox yüksək səviyyədədir. Bu, özü-özlüyündə bizim gələcəkdə daha sıx iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır.

gallery-photogallery-photo