12 sentyabr 2015, 14:00

Fuad Əliyev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

İslam dininin ən qədim ziyarət və ibadət mərkəzlərindən biri olan "İmamzadə" kompleksində aparılan bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün ayırdığınız vəsaitə görə şəhərimizin ziyalıları və din xadimləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hələ ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyev qədim Gəncə şəhərində orta əsr memarlıq abidələrini tərənnüm edən 17 məscidi müxtəlif adlar altında bərpa etdirərək xalqın istifadəsinə vermişdi.

Bütün bunlar xalqımızın qədim milli-mədəni dəyərlərinin qorunmasına xidmət edib və dövlətimizin dinə olan qayğısını, münasibətini göstərib.

Sizin sərəncamlarınız əsasında Gəncənin memarlıq üslubuna uyğun şəkildə yüksək keyfiyyətlə bərpa edilən "İmamzadə" kompleksi Şərqin ən gözəl memarlıq abidələrindən birinə, insanların ziyarət və ibadət yerinə çevrilib.

Möhtərəm cənab Prezident, Heydər Əliyev Fondu tərəfindən şəhərimizdə Şah Abbas məscidinin əsaslı sürətdə bərpa olunması, qadınlar üçün Fatimeyi-Zəhra məscidinin tikilməsi Fondun dinimizə olan qayğısını bir daha sübut edir.

Dinlərarası münasibətlərə həsr edilən beynəlxalq konfransların mütəmadi olaraq ölkəmizdə keçirilməsi heç də təsadüf deyil, bu, dövlətimizin dinə, dini münasibətlərə və mərasimlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Gəncənin bütün sakinləri adından dinimizə göstərdiyiniz bu qayğıya, şəhərimizdəki tarixi abidələrin bərpasına yaratdığınız şəraitə görə Sizə və Heydər Əliyev Fonduna bir daha dərin minnətdarlığımızı bildirir, bu şərəfli işinizdə Sizə uğurlar arzu edirik.

Qoy Allah-Təala Sizi və ailənizi xəta-bəladan qorusun!

Hörmətlə,

Əliyev Fuad, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Məmmədova Siddiqə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Cəfərov İbrahim, professor, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü

Qurbanov Xalid, professor, Gəncə Ağsaqqallar Şurasının sədri

Hacı Tahir, din xadimi

Hacı Rahilə, din xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.