Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərinin qəbulunda İlham Əliyevin nitqi

08 aprel 2022, 09:56
Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərinin qəbulunda İlham Əliyevin nitqi

Salamaleykum, əyləşin.

Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır.

Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.

Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul - Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər. Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq. Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki, bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün hesablansın. Bir məsələ də var ki, artıq biz bu qələbələrə öyrəşirik və necə deyərlər, bu yüksək nəticələri saxlamaq çətin olacaq, idmanda hər şey ola bilər - məğlubiyyət də, qələbə də. Ancaq əminəm, gələcək yarışlarda nəticələrə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər. Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə. Dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə. Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir. Sağ olun.

SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32