08 sentyabr 2012, 16:30

Muradəli Heydərovdan, Zərdab, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bugünlər bütün Azərbaycan xalqı və Azərbaycan xalqını sevənlər sonsuz sevinc hissi yaşayırlar. Sizin qeyrətli zabitimiz Ramil Səfərovu Macarıstandan Azərbaycana ekstradisiya etməyiniz və ona azadlıq bəxş etməyiniz bizə böyük sevinc, bu sevincdən doğan göz yaşları gətirdi. Bu misilsiz diplomatik gedişiniz düşmənlərimizə ağır, sarsıdıcı zərbə oldu. Bu, Sizin qələbənizdir. Bu, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Ginnesin rekordlar kitabına düşən Azərbaycan bayrağının qələbəsidir.

Bildiyimə görə bəşər tarixində Sizdən başqa öz vətəndaşını, qeyrətli zabitini bu dərəcədə müdafiə edən, ona yüksək diqqət və qayğı göstərən ikinci bir Prezident yoxdur. Çünki, Siz Heydər Əliyev kimi müdrik insanın, dahi şəxsiyyətin ailə və siyasət məktəbini keçmisiniz. Əminəm ki, Sizin bu misilsiz qətiyyətiniz, müdrikliyiniz sayəsində doğma Qarabağımız da işğaldan azad olunacaqdır. 1945-ci ilin mayında “Berlin divarları”na adını süngü ilə yazmış bir veteran döyüşçü, 92 yaşlı ağsaqqal kimi deyirəm ki, Siz Ramil Səfərovu azadlığa buraxmaqla Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsinə qovuşan bütün oğul və qızlarımızın müqəddəs ruhunu şad etdiniz. Allah da Sizi həmişə şad etsin.

Cənab Prezident! Siz bayrağımızın şərəfini qoruyan zabitimizi azad etməklə qüdrətli dövlətimizin aylı-ulduzlu bayrağını göylərə yüksəltdiniz. Siz bu cəsarətiniz və şücayətinizlə adı tarixin şərəfli səhifələrinə qızıl hərflərlə yazılan dahi dövlət başçıları və sərkərdələri ilə bir cərgəyə yüksəldiniz.

Əziz Prezidentim! Siz ki bayrağımızı qoruyanı belə müdrikcəsinə qorudunuz, Allah da Sizi qorusun, həmişə var olun və əmin olun ki, biz Sizin yolunuzda hər cür fədakarlığa hazırıq. Siz Ramil Səfərov, birbaşa düşmənin üzərinə gedən Mübariz İbrahimov kimi qeyrətli oğullarımızı sevdiyiniz kimi, biz də Sizi həddən çox sevirik, dəstəkləyirik.

Hörmətlə,

Üç “Döyüş şöhrəti” ordenli, Prezident təqaüdçüsü Heydərov Muradalı.
Azərbaycan Respublikası, Zərdab rayonu, Məmmədqasımlı kəndi.