İlham Əliyevin ABŞ-a işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdə olmuşdur.
Avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Prezident Donald Trampla görüşü keçirilmişdir.
Görüş zamanı Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Hökuməti və ABŞ Hökuməti arasında Anlaşma Memorandumu prezidentlər tərəfindən imzalanmışdır.
Eyni zamanda, Prezident İlham Əliyevin iştirakı ilə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Sərəncam imzalanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmışdır.
Prezident İlham Əliyevin Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyanla görüşü çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanmışdır.
Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycan Respublikasının əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq. TRIPP, eyni zamanda, gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.